Bu gün Bakının Maştağa qəsəbəsində 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.
Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə hər iki şəxs avtobusdan düşdükdən sonra baş verib. Onlar ictimai nəqliyyatdan düşəndən sonra svetaforun qarşısından yolu keçməyə çalışıblar. Bu zaman yük maşını hərəkətini dayandıra bilməyərək onları vurub.
Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsindən “Kriminalqafqaz”a bildirilib ki, hadisə yerində araşdırmalar aparılır. Hadisə Dövlət Gömrük Komitəsinin Akademiyasının yaxınlığında baş verib.
Qeyd edək ki, oktyabrın 13-də mərhum tələbə Elvin Əzizlinin 18 yaşı tamam olacaqdı.
Məlumat üçün bildirək ki, qəzanın baş verdiyi ərazidə düyməli svetafor quraşdırılıb. Belə ki, həmin işıqfor yalnız düyməsi piyadalar tərəfindən sıxıldıqdan sonra sürücülər üçün qırmızı işıq yanır və vətəndaşlar xətdən keçə bilir.