Sentyabrın 23-dən 27-dək “Donetsk və Luqansk Xalq Respublikaları”nın, həmçinin Xerson və Zaporojye vilayətlərinin Ukraynanın nəzarətində olmayan hissələrində Rusiyaya birləşmə ilə bağlı “referendum” keçiriləcək.
Bundan başqa, Ukraynanın Nikolayev vilayətinin Rusiya ordusunun nəzarətində olan hissəsi Xerson vilayətinə “daxil edilib”. Və bu vilayətin sakinləri də “referendum”da iştiraka cəlb ediləcəklər.
Artıq dünya bəyan edib ki, bu “referendum”un nəticələrini heç kim tanımayacaq. Ukrayna hakimiyyəti isə Kiyevin mövqeyinin dəyişməyəcəyini, Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları davam etdirəcəyini və ölkənin işğal olunmuş ərazilərini azad edəcəyini qeyd edib.
Rusiyada isə hesab edirlər ki, Donbasda, Xerson və Zaporojye vilayətlərində keçirilən “referendum”lardan müsbət nəticələr əldə edib, onları mümkün qədər tez bir zamanda qeydə almaq lazımdır.
Belə “referendum”un keçirilməsi faktının özünün qanunsuz olması ilə yanaşı, diqqəti cəlb edən bir çox başqa uyğunsuzluqlar da var.
Bu gün “referendum”un başladığı əraziləri çoxlu sayda insan tərk edib. Bundan başqa, Rusiya ordusu Ukraynanın bu vilayətlərinin inzibati sərhədlərinə belə, çatmayıb. Məsələn, Zaporojye vilayətinin bir hissəsi işğal olunub, lakin müharibədən əvvəl bölgə əhalisinin yarıdan çoxunun yaşadığı Zaporojye şəhəri Ukraynanın nəzarəti altındadır. Belə olan halda hansı “referendum”dan danışmaq olar?
Zaporojye Vilayət Şurası sədrinin birinci müavini Lyudmila Lyubim -a müsahibəsində bildirib ki, işğalçılar əvvəl “referendum” keçirməyi təxirə salırdılar, amma indi nədənsə belə bir qərara gəliblər ki, vaxt yetişib. Bu isə Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurlarının yaratdığı qorxunun nəticəsidir:
- Hər kəs çox gözəl başa düşür ki, heç bir “referendum” olmayacaq. Rusiyaya birləşmək ideyasına dəstək verən yoxdur, sadəcə olaraq partizan hərəkatı mövcuddur.
- Mənim bildiyimə görə, Zaporojye vilayətini çoxlu sayda əhali tərk edib. Rusiya qoşunlarının ala bilmədiyi Zaporojye şəhərində isə müharibədən əvvəl region əhalisinin təxminən yarısı yaşayırdı. Belə bir vəziyyətdə hansısa saxta referendumun keçirilməsindən danışmaq olar?
- Tamamilə doğrudur. İşğal altında olan ərazilərdə çox az sayda əhali qalıb. Zaporojye şəhərində isə müharibədən əvvəl bölgə əhalisinin 50-55%-dən çoxu yaşayırdı. Bu “referendum” isə çarəsizliyin əlamətidir. Bizim üçün bu səsvermənin heç bir mənası yoxdur.
- Zaporojye vilayətində işğal altında nə qədər insan yaşayır?
- Belə rəqəmlər yoxdur, bunu demək çətindir. Sakinlərin yarıdan çoxu oranı tərk edib. Amma müəyyən qədər miqrasiya baş verib, axı orada salamat qalan evlər, yaşlı valideynlər yaşayırlar. Yeri gəlmişkən, bu yaxınlarda Enerqodar şəhərində baş verən hadisələr və Zaporojye AES ətrafında gərginlik səbəbindən ikinci gediş dalğası baş verdi, insanlar vəziyyəti obyektiv qiymətləndirir və həyatları üçün təhlükə görürlər. Eyni zamanda, başa düşmək lazımdır ki, çıxışla bağlı çətinliklər var. Əhali artıq Krım da daxil olmaqla, bütün imkanlardan istifadə edərək işğal olunmuş rayonları tərk edir, oradan da artıq harasa daha uzaqlara, xaricə köçür.
Bizim əldə etdiyimiz məlumata görə, işğal altındakı ərazilərdə qocalar və ya yaşadığı yeri tərk etmək istəməyən şəxslər qalıblar. Amma bu, bölgə əhalisinin çox az qismidir. Və “referendum”da neçə nəfərin iştirak edəcəyini saymağın, sadəcə, mənası yoxdur. Mən tam əminəm ki, hər hansı səsvermə olmayacaq. Onlar (ruslar - red.) səs toplamayacaqlar. Biz oradakı insanlara Rusiya pasportlarının paylanılmasını müşahidə etdik. Rusiya vətəndaşlığını almaq üçün heç bir növbəyə rast gəlmədik.
Pul paylamaq cəhdləri var. Bundan əlavə, kommunal xərcləri ödəmək adı altında pasport məlumatları toplanılır. Bütün bunlar işləməyəcək. Yeri gəlmişkən, vacib məqam ondan ibarətdir ki, insanlar hələ də kommunal xərcləri “yeni hakimiyyət”ə deyil, Ukraynanın kommunal strukturlarına ödəyirlər. Biz bunu Zaporojyenin “Oblvodokanal” kommunal departamentinin hesabına köçürülən pullardan görürük. Humanitar yardımın paylanması zamanı pasport məlumatlarının toplanması cəhdləri də uğur qazanmadı. Ona görə də “referendum”un əvvəldən hazırlanmış nəticələri elan ediləcək. Baxmayaraq ki, vilayətin işğal olunmuş ərazilərində əhalinin 20-25 faizi qalır. Bizim vilayətdə mart ayında işğal olunmuş Tokmak şəhəri var. Orada 17 min əhalidən maksimum beş mini qalıb, hətta bu da tam dəqiq fakt deyil. Belə olan halda nədən danışmaq olar?
- Moskvanın bəyanatlarını nəzərə alsaq, Rusiya keçirilən saxta referendumların nəticələrini tez bir zamanda təsdiqləyəcək, onlar bu regionların Rusiya Federasiyasına daxil olmasını tanıyacaqlar, bəs bundan sonra nə baş verəcək? Axı RF dəfələrlə bildirib ki, o, “öz” ərazilərini qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır?
- Ukrayna müqavimət göstərməyə və öz ərazilərini qaytarmağa davam edəcək. Bunu həm Prezident Volodimir Zelenski, həm də Ukrayna Silahlı Qüvvələrinin rəhbəri Valeri Zalujnı bəyan ediblər. Danışıqlar, münaqişənin dondurulması olmayacaq. Ukrayna müharibədə qələbə qazanacaq. Nə Rusiyadakı səfərbərlik, nə də Rusiya Federasiyasının nüvə silahından istifadə təhlükəsi bizi qorxutmayacaq və iradəmizi sındırmayacaq.
Nair Əliyev