“Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin təxribat xarakterli hücumu olub. Hərbçilərimiz düşmənin başını əzib. Layiq olduqları cavabı alıblar”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Polad Rzayev deyib.
Onun sözlərinə görə, sentyabrın 12-dən 13-ə keçən gecə baş verənlər səbəbindən bəziləri iki il öncəyə qayıtdığımızı düşünürlər:
“Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin təxribat xarakterli hücumları nəticəsində şəhidlərimiz oldu. Ruhları şad olsun. Bəziləri yenidən iki il öncəyə qayıdacağımızı düşünürlər. Normaldır. Hərbçilərlə mülki şəxslər bu cür məsələlərə heç vaxt eyni cür baxmırlar. Düşüncələri də fərqli ola bilər. Çünki hərbçilərin yaşadığı həyatı mülki şəxslər yaşamır, görmür. İnsanların emosional yanaşması normaldır”.
Atasının qisasını almaq üçün hərbiyə üz tutduğunu deyən Vətən müharibəsi qazisi bu missiyanın tamamlandığını bildirib:
“Üç yaşım olanda atam Tofiq Rzayev Birinci Qarabağ müharibəsində şəhid olub. Hərbiyə marağım elə ondan irəli gəlib. Atalarımızın məcburən yarımçıq qoyduqları missiyanı tamamlamaq arzusu ilə yaşayırdım. Şükür ki, buna nail olduq. Atalarımızın ruhlarını şad etdik.
Son baş verən məsələlər ermənilərin revanşist təxribatları idi. Ordumuz bunun qarşısını aldı. Çox təəssüf etdim orada iştirak edə bilməməyimə. Silahdaşlarımın yanında ola bilmədiyim üçün çox pis oldum”.
Vətən müharibəsi qazisi döyüş zamanı heç bir anın unudulmadığını deyib:
“Ölüm-dirim savaşında ağlıma heç kəs gəlmir. Bir amal var. O da irəli getmək. Ağlına kimsə gəlsə, o zaman ölümdən qorxmuş olarsan. Ölümdən də qorxmaq müharibədən geriyə çəkilmək deməkdir. Geriyə çəkilmək də Vətənə xəyanətdir.
Döyüş elə bir məqamdır ki, sən orada yaşadıqlarını heç vaxt unuda bilməzsən. Hər bir insanın yaşadığı müəyyən anlar olur. O zaman yaşadığın hadisələr heç vaxt sənin yadından çıxmır. Həmişə xatirində qalır. Müharibədən sonra da onları yaşayırsan. Ölüncə unuda bilməzsən”.
O deyib ki, döyüşdə “Vətən sağ olsun” deyərək irəliləyirdilər:
“Qələbə xəbərini eşidəndə qürur hissi yaşadım. Yoldaşlarımın yanında olmaq istərdim. O sevinci döyüş meydanında yaşamağı arzulayırdım. Qismət olmadı. Şəhidlərimizin ruhu şad olsun. Böyük qürur idi. Axır ki bu qələbəni qazandıq. Torpaqlarımızı geri qaytardıq. Biz mənəvi baxımdan güclüydük. Şəhid olmaqdan qorxmurduq”.
Vətən müharibəsi qazisi sonda səngərdə olan əsgərlərə müraciət edib:
“Səngərdə olan əsgərlərə demək istəyirəm ki, hər zaman gözünüz üfüqdə, əliniz tətikdə olsun. Vətən sizə əmanətdir”.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Polad Rzayev Murov yüksəkliklərindən başlayaraq, Qubadlıya qədər döyüş yolu keçib. Kəlbəcər, Cəbrayıl Xocavənd, Qubadlının azad olunmasında iştirak edib medallarla və ordenlə təltif edilib. Qubadlıda gedən döyüşlərdə oktyabrın 19-u yaralanıb. Hər iki ayağını itirib.
Nəzrin Vahid