Bir neçə gündür ki, Mingəçevir şəhərində yerləşən Ağdam rayon 50-51 saylı köçkün tam orta məktəbi və Kəlbəcər rayon Ş. Şükürov adına tam orta məktəbində suyun verilməsi tamamailə dayandırılıb.
Bu səbəbdən məktəbdə təhsil alan şagirdlər və çalışan müəllimlər susuzluqdan çox əziyyət çəkdiyini Bizim.Mediya-ya bildiriblər. Kəlbəcər məktəbinin direktoru Elşən Əzimin sözlərinə görə bir binda 3 məktəb yerləşir və neçə gündür həm müəllimlər, həm də uşaqlar susuzluqdan əziyyət çəkir və məktəbdə antisanitar vəziyyət baş alıb gedir.
“Hər üç məktəb məcburi köçkün məktəbidir. Bina Ağdam məktəbinə məxsusdur. Biz sadəcə o binada məskunlaşmışıq. Bu təhsil ocağında ümumi 800-dən artıq şagird təhsil alır. Məktəbin suyunu Su Ehtiyatları Agentliyi kəsib. Onlar da səbəb olaraq su pulunun ödənməməsini göstərirlər. Yerləşdiyimiz bina Qarabağ Regional Təhsil İdarəsinin tabeçiliyindədir. Kəlbəcər məktəbi isə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabedir. Yəni bizim işimiz çox çətindir.
Məktəbdə su olmadığından günlərdir antisanitar vəziyyət yaranıb. Sanitar qovşaqları acınacaqlı vəziyyətdədir”.
Məktəb şagirdlərinin valideyinləri də sözügedən vəziyyətdən narazılıq ediblər. Onların sözlərinə görə, uşaqlar ayaqyolundan istifadə edə bilmədiklərinə görə məktəbə getmək istəmirlər. Üstəlik otaqlar da natəmiz və çirkab içindədir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli nümayəndəsi ilə əlaqə saxlamağa çalışdıq. Nümayəndə bu məsələ ilə bağlı özlərindən deyil Su Agentliyinin baş idarəsindən açıqlama ala biləcəyimizi bildirdi. Baş ofislə isə dəfələrlə əlaqə saxlasaq da, qurumdan doğru-dürüst açıqlama ala bilmədik.
Əlavə olaraq məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.