Macarıstan Ermənistana ayrılacaq 20 milyonu necə BLOKLADI? – SENSASİON DETALLAR

 18-04-2025

Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi (APF) vasitəsilə Ermənistana əlavə 20 milyon avro “qeyri-öldürücü” hərbi yardım göstərməsinə mane olub. Macarıstan ötən il də oxşar addımı atmaqla Ermənistana silah yardımını bloklamışdı.

Təbii ki, Bakı-Budapeşt münasibətləri, Macarıstanın haqq anlayışının beynəlxalq hüquqa tam uyğun olması Odlar Yurdunda da müsbət qarşılanır.

Mövzu ilə bağlı Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa Bizim.Media-ya danışıb. O qeyd edib ki, Macarıstan Cənubi Qafqazda sülhə önəm verir.

Elə bu səbəbdəndir ki, İrəvanın silahlanması qəbuledilməzdir:

“Macarıstan ötən il də Avropa İttifaqı tərəfindən Ermənistana nəzərdə tutulan 10 milyon avroluq hərbi yardım paketini bloklamışdı. Bu qərarın səbəbləri hələ də qüvvədədir. Ən vacibi isə bölgənin sülhə ehtiyacı var və bu, hazırda Ermənistanın mövqeyindən asılıdır. Bakı və İrəvan arasında ümidverici danışıqlar davam edir və belə bir vəziyyətdə xarici müdaxilə heç də uyğun deyil”, - deyə L.Vasa bildirib.

Politoloq hesab edir ki, illər boyu Qərb və Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərə ikili standartlarla yanaşıb:

“Avropa İttifaqının mövqeyi də qəbuledilməzdir. Çünki onlar öz addımlarını elə təqdim edirlər ki, guya Azərbaycan Ermənistanın ərazi bütövlüyünü hərbi yolla təhdid edir. Halbuki bu, gerçəkliyi əks etdirməyən, bilərəkdən yaradılmış yanlış bir interpretasiyadır və bununla Aİ-ni İrəvana silah göndərməyə və hərbi texnika ilə təmin etməyə məcbur etmək istəyirlər. Böyük ehtimalla bunun arxasında Fransa dayanır, çünki Paris hərbi gücünün zəifləməsini və əvvəlki nüfuzunu itirməsini həzm edə bilmir və bu səbəbdən yeni təsir dairələri axtarır”.

“Budapeşt haqq yolundan çəkilməyəcək”

Analitik əlavə edib ki, Avropanın bu kimi məsələlərdə Macarıstana təzyiqinə baxmayaraq, Budapeşt haqq yolundan çəkilməyəcək:

“Macarıstanla Azərbaycan arasında münasibətlər əla və dostanədir, qarşılıqlı etimad isə ən yüksək səviyyədədir. Aİ adətən Macarıstan hökumətinin qərarlarını tənqid edir, amma bu artıq adi hala çevrilib. Macarıstanın bu qərarından dönəcəyini təsəvvür edə bilmirəm, bu səbəbdən də mövcud vəziyyət münasibətlərimizin daha da yaxşılaşmasına gətirib çıxaracaq”, - deyə analitik əlavə edib.

Bənzər yazılar

0.066867113113403