Prezident İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub: "Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik".
"Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib", - deyə o əlavə edib.