Prezident İlham Əliyev: "Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq"

 09-04-2025

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

MillətinSəsi.İnfo xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, bir neçə dəfə belə tədbirlər keçirilib: "Müxtəlif ölkələrdən gəlmiş ekspertlər Azərbaycana səfər etdilər və qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır".

Dövlətimizin başçısı bildirib: "Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb".

Dövlətimizin başçısı bildirib: "Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq. 

Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Bizim bütün şanslarımız var idi.

Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq - bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi. Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər.

Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm. Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi.

Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar "böyük bir Ermənistan" xülyası ilə yaşayırdılar.

Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq. Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik", - deyən dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.

"Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir.

Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik. Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq.

Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik", - deyən dövlətimizin başçısı müharibənin bütün beynəlxalq qaydalara uyğun olaraq aparıldığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini vurğulayıb.

"Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir".

Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur.

"Onlar (Ermənistan - red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi. Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil".

Dövlətimizin başçısı qeyd edib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq: "Çünki ABŞ dünyanın ən güclü dövlətidir. Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları - red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.

Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfıra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük".

Onların (Tramp Administrasiyası - red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir".

Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib:

"Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik. Biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk".

"COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk".

Dövlətimizin başçısı vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir: "Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək. Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır.

Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq", - deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.

"Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı.

Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".

Vaxtilə BMT-nin baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib:

"Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu, ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın.

Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq".

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: "Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik".

İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib: "Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir".

Bənzər yazılar

0.066556930541992