Hafiz Paşayev: “7-ci ADA Siyasi Forumunun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır”

 08-04-2025

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu baş tutub.

MillətinSəsi.İnfo APA.az-a istinadən xəbər verir ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Forum iştirakçılarını ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayıblar.

ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib ki, ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir.

O qeyd edib ki, bu konfrans mühüm əlaqələrin qurulmasına imkan verəcək:

“Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizlər üçün çox önəmli gündür. Bu forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına da çox sevincliyəm.

Bildiyiniz kimi, mən Vaşinqtonda diplomatik xidmətdə çalışmışam. Lakin bir zaman oldu ki, Azərbaycana qayıdıb pedaqoji fəaliyyətlə məşğul olmaq istədim. Bu niyyətimi Prezident İlham Əliyevə deyəndə, o da bunu müsbət qarşıladı. ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir.

Bildiyiniz kimi, tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir. Həmin faktor iştirakçı ölkələr arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir”.

Forumun birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunub. Panelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Çıxışçılar qlobal güc balansındakı dəyişikliklərin milli suverenliyə təsiri, bölgədə strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq məsələlərinə toxunublar.

İkinci panel “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub. Panelə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə gətirilib.

Forum iştirakçıları tədbirin Xankəndi şəhərində təşkilini Azərbaycanın bərpa və yenidən inteqrasiya siyasətindəki açıq dialoq və beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürü kimi qiymətləndiriblər. Bildirilib ki, bu yanaşma postmünaqişə dövründə Qarabağ regionunun yalnız fiziki bərpasına deyil, eyni zamanda intellektual və mədəni inkişafına da fayda verir.

Forum yeni dünya nizamı çərçivəsində qlobal enerji təhlükəsizliyi, regional ticarət, rəqəmsal iqtisadiyyat və təbii sərvətlərin idarə edilməsi ilə bağlı müzakirələrlə davam edib.

Forum öz işini aprelin 9-da Bakıda davam etdirəcək.






Bənzər yazılar

0.062325000762939