ABŞ Prezidenti Donald Trampın yeni tarifləri elan etməsindən sonra İlon Maskın sərvəti noyabr ayından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bazar ertəsi İlon Mask “Tesla” səhmlərinin ucuzlaşmasından sonra 4,4 milyard dollar itirib.
Bununla da, iş adamının sərvəti “Bloomberg Billionaires Index”ə görə, 297,8 milyard dollara düşüb.
Həmçinin, bu, ötən həftənin cümə axşamı və cümə günləri 31 milyard dollarlıq itkidən sonra baş verib. Beləliklə, 2025-ci ildən bəri məşhur sahibkar artıq 134,7 milyard dollar itirib.
İlon Mask dünyanın ən varlı 500 adamından ibarət siyahıdakı milyarderlər arasında ən böyük itki ilə üzləşən altıncı milyarder olub.
Ümumilikdə isə, “Bloomberg Billionaires Index”dəki milyarderlərin sərvəti 271 milyard dollar azalıb.
Agentlik əlavə edib ki, Maskın sərvətinin azalması onun tənəzzülünün davamıdır. Belə ki, “Tesla” səhmləri Trampın seçilməsindən sonra kəskin bahalaşsa da, ümumilikdə, şirkətin səhmləri dekabrın ortalarında rekord həddə çatdıqdan sonra 50%-dən çox ucuzlaşıb.