Son zamanlar ölkəmizin müxtəlif bölgələrində körpə ölümləri ilə bağlı narahatedici xəbərlər diqqət çəkir. Xüsusilə, təkcə son 10 gün ərzində Sabirabad Rayon Mərkəzi Xəstəxanasında üç körpə ölümünün baş verməsi bu məsələ ilə bağlı problemi bir daha gündəmə gətirir.
Bəs, körpələrdə ölüm faktları niyə artıb və bu faciəli hadisələrin başlıca səbəbləri nələrdir?
Mövzu ilə bağlı pediatr Vaqif Qarayev Bizim.Media-ya danışıb. O, hesab edir ki, körpə ölümləri artmayıb, sadəcə olaraq ölüm vəziyyətləri geniş şəkildə sosiallaşdırılır.
"Mən bu fikirlə razı deyiləm. Deməzdim ki, son vaxtlar körpə ölümləri artıb, sadəcə bölgələrdə qeydə alınan ölümlər çox sosiallaşdırıldı. Körpələrin hansı səbəblərdən dolayı ölməsinin səbəblərinə gəlincə, körpə uşaqların yenidoğulma və südəmər dövrü olur. Bütün dünyada körpələrin ölümü 1 yaşa qədər hesablanır. Çünki bu yaşa qədər körpələrin xəstəliklərə qarşı müqaviməti azdır. Ona görə də infeksiyalara tez-tez yoluxurlar.
Ölüm halları daha çox mədə-bağırsaq sistemi, sinir sistemi, anadangəlmə irsi xəstəliklər və qüsurlar səbəbindən baş verir.
İrsi xəstəlikləri və qüsurları üçün indi qabaqlayıcı tədbir görmək mümkündür. Beləliklə düzgün diaqnozla xəstəliklər, təhlükəli vəziyyətlər dəqiqləşdirilir ki, körpə dünyaya gəldikdən sonra ölməsin. Bu mövzuda anaların da rolu var. Əgər qadınlar hamiləlik dönəmində vaxtlı-vaxtında həkimlərə müraciət etsə, onların dediyi müayinələr və müalicələri tətbiq etsə, ölüm hallarının qarşısı da alınmış olar”,- deyə o fikrini yekunlaşdırıb.