Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən hücuma məruz qalıb.
“MillətinSəsi.info” “Unikal”a istinadən xəbər verir ki, Xoşbulaq kəndinə çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.
Barmağından yaralanan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 28 yaşlı Ş.Əliyev törədib. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
DİN-in Mətbuat xidmətinin Gəncə Regional bölməsindən “Qafqazinfo”ya bildirilib ki, hadisəni törədən 1997-ci il təvəllüdlü Şahin Əliyev polis tərəfindən saxlanılıb.
Ş. Əliyevin hadisə vaxtı sərxoş olduğu, əvvəllər də bir neçə dəfə oxşar vəziyyətdə “103”ə zəng edərək tibbi yardım istədiyi məlum olub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən bir şəxsin halının pisləşməsi ilə bağlı çağırış daxil olub:
“Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb edilib.
Ünvanda sərxoş vəziyyətdə olan şəxs (kişi cinsli) heç bir əsas olmadan feldşerə bıçaqla xəsarət yetirib. Feldşerə yerində ilkin tibbi yardım göstərilib.
Həmçinin məlum olub ki, o, çağırışı edərkən əlaqə nömrəsini də yanlış təqdim edib.
Baş vermiş insidentlə bağlı məlumat hüquq-mühafizə orqanlarına təqdim olunub və faktla bağlı araşdırma aparılır”.