Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub.
Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib.
"Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb. Mpox xəstəliyinə yoluxma halları artmaqda davam edir, nəzərəçarpacaq pik həddi 2025-ci ilin martında baş verir. Ən çox yoluxmuş demoqrafik qrup 25-29 yaş arası insanlardır", - məlumatda bildirilir.
Qeyd edək ki, martın 28-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Uqandada dünyada meymunçiçəyinə yoluxma hallarının ən böyük sayı qeydə alınıb.