"Binanı otelə çeviriblər" - Sakinlərdən ETİRAZ - VİDEO

 21-09-2022

Masazır qəsəbəsində tikilən "Absheron City” yaşayış kompleksinin sakinləri (Duzlu göl ilə üzbəüz) dünən axşam saatlarında etiraz aksiyası keçiriblər.

Onlar yolu bağlayaraq kompleksin rəhbərliyindən, komendantından şikayətlərini bildiriblər.
 
Şikayətçi sakinlərin Bakupost.az -a dediklərinə görə, binalara nəzarət olunmur:
 
“Bütün narkomanlar bura yığışır, hoqqabazlıq edirlər. Nə komendant, nə də başqa bir insan baxmır. Heç kimə evlərin “kupça”larını vermirlər. Verdikləri sənədlə ASAN Xidmətə gedirəm, deyirlər, bu binalar sistemdə yoxdur. Deməli, sənəd saxtadır. Ən dəhşətlisi isə kompleksin sanki otelə çevrilməsidir. Şlaqbaum illərdir ki, qoyulmur. Mənzil alıb, şəhərdə yaşayanlar oranı günü 20 manata başqalarına verir. Binaya kim gəlir, kim gedir bilinmir. Biabırçılıqdır. Ailə var, uşaq var... Buranı otelə çevirmək nə deməkdir?!”.
 
Sakinlərin etirazından sonra əraziyə polis əməkdaşları gəlib:
 
“Polis kompleksin komendantı İlqar müəllimə zəng etdi. Dedilər ki, məsuliyyət sizin üzərinizdədir. O, dərhal həmin yerə gəldi. Yenə də insanlara yalandan vədlər verərək, həll olunacağını dedi. Amma biz inanmırıq. Çünki hər dəfə eyni sözləri deyir. Dəfələrlə belə olub”.
 
Məsələ ilə bağlı “Absheron City” ilə əlaqə saxladıq.
 
Şirkət əməkdaşı hadisədən xəbərsiz olduqlarını dedi: “Bizim dünən axşam orada olanlardan məlumatımız yoxdur. Sizdən eşidirik...”.
 
Masazırda "Absheron City"dəki problemlə bağlı Abşeron rayon İcra Hakimiyyəti nümayəndələri həmin ünvana gediblər.
Sakinlərin şikayətini dinləyən İcra rəsmiləri problemin qısa zamanda həll olunacağını bildiriblər.
 
Daha ətraflı videoda:
 
 

Bənzər yazılar

0.14558005332947