Qardaşı ilə eyni gündə şəhid olan İslam Əhmədovun DOĞUM GÜNÜDÜR

 19-09-2022

Eyni gündə şəhid olan qardaşların adlarının yaşadıqları küçəyə verilməsi gözlənilir.

Yeniavaz.com
 
xəbər verir ki, Mingəçevirdə İkinci Qarabağ müharibəsi şəhidlərindən İslam Əhmədovun qəbri, onun doğum günü münasibətilə ziyarət olunub.


Ziyarətdə şəhid valideynləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov iştirak ediblər.

Anım günündə torpaqlarımızın bütövlüyü uğrunda I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət edilib, dualar oxunub.

Seymur Hidayətov çıxış edərkən bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, İslam Əhmədov və onun qardaşı Əli Əhmədov İkinci Qarabağ müharibəsində eyni gündə, sentyabrın 28-də şəhid olub. İki qardaşın şəhid olduqları tarixdə yaşadıqları küçəyə onların adlarının verilməsi gözlənilir.

Hər iki övladını eyni gündə şəhid vermiş Sevinc xanım deyib ki, onlara həm ata, həm də analıq edib: "Övladlarım atalarını çox vaxtsız itirmişdilər. Mən onlara həm ata, həm ana olmuşam. Onları minbir əzab-əziyyətlərlə böyüdüb boya-başa çatdırmışdım. İslam ali təhsilli idi. Əli isə nişanlı olub. İndi heç nədən təsəlli ala bilmirəm. Hər iki oğlum bir-birlərindən xəbərsiz şəhid oldular".

Qeyd edək ki, hər iki qardaş eyni gündə, ancaq başqa saatlarda və başqa yerlərdə şəhid olublar. İkisi də eyni gündə, sentyabrın 28-də Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Ana şəhid qardaşların ev-muzeyinin dövlət qeydiyyatına alınmasını istəyir.



Bənzər yazılar

0.46230912208557