“Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov: “Enerji itkilərinin dinamikası 14 faizdən 8,5-ə salınıb”

 03-03-2025

“Enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 faizdən 8,5 faizə aşağı salınıb. Bu göstəricilər dünyanın ən qabaqcıl ölkələrinin nəticələri səviyyəsinə çatdırılmaqdadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərişıq” ASC sədrinin müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib.

“Nəzərə alınmalıdır ki, şəbəkələrin 60 %-ə qədərinin tam yenidən qurulmasına ehtiyac var. Regionlarda olan şəbəkələrimizin əsas hissəsi ötən əsrin 50-60-cı illərində qurulub.

İtkilərin aşağı salınması 2015-ci illə müqayisədə 9 milyard kilovat/saat elektrik enerjisinə qənaət edilməsinə imkan verib”, - deyə Ramil Yusifov bildirib. 

“Azərişıq” ASC sədrinin müavini Ramil Yusifovun sözlərinə görə, vətəndaşların elektrik enerji sisteminə qoşulma proseduru sadələşdirilib: "“Azərişıq” ASC-nin elektron müraciətlərin idarə olunması sisteminin yeni versiyasına keçidi, abunəçilərdən, onlara məxsus olan sənədlərin skan versiyalarının bu sistemə yükləməsi artıq tələb olunmur."

Onun sözlərinə görə, “Azərişıq”ın “Elektron hökumət” portalına, eyni zamanda Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin elektron sistemləri ilə mübadiləsinin həyata keçirilməsinin təmin olunduğu üçün buna ehtiyac qalmayıb.

“Mübadilə çox böyük sürətlə həyata keçirilir və abunəçinin hər hansı bir sənədinin kopiyasının və yaxud skan versiyasının yükləməsinə tələb qoyulmur. Bildiyiniz kimi, hazırda ölkədə elektronlaşma ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir ki, bu gün “Azərışıq”ın da qarşısına qoyduğu ən böyük hədəflərdən biri ondan ibarətdir ki, yeni qaydaların tətbiqi yalnız elektronlaşma üzərindən həyata keçirilsin. Lakin əgər abunəçi elektron qaydada müraciət etmək istəmirsə, bu zaman o, əvvəlki qaydada, şəxsiyyət vəsiqəsi ilə “ASAN-kommunal”, “ASAN-xidmət”ə və ya “KOB evləri"nə müraciət edə bilər”, - deyə R. Yusifov bildirib.

“Azərişıq”ın sədr müavini onu da qeyd edib ki, elektrik şəbəkəsinə qoşulma meyarı ilə müəyyən olunmuş qaydalar Nazirlər Kabinetinin 180 nömrəli qərarı ilə müəyyənləşdirilir.

“Həmin qərarda elektrik şəbəkəsinə qoşulma meyarı müəyyənləşdirildiyi, ölkə Prezidentinin fərmanında da qeyd olunduğu kimi, prosedurların sayı 7-dən 2-yə endirilib. Vətəndaşların elektrik enerjiyə qoşulması sadələşdirilib və şəffaf şəkildə həyata keçirilməsi müəyyən olunub. Bunun üçün vahid tarif müəyyənləşdirilib. Bu tariflərlə “Azərişıq”ın saytında tanış olmaq olar. 180 nömrəli qərara əsasən, vətəndaş ödəniş etdiyi andan etibarən 10 və ya 20 gün müddətində elektrik enerjisinin verilməsi 100% təmin olunur”, - deyə R. Yusifov əlavə edib.

Bənzər yazılar

0.067758083343506