Maliyyə Nazirliyinin iki gün öncə yaydığı məlumata görə, xam neftin bir barelinin ixrac qiyməti 2023-cü ildə 50 dollar təşkil edəcək. Bu isə büdcədə neftin qiymətinin 35 dollar aşağı salınması deməkdir. Ancaq buna rəğmən, növbəti ilin dövlət büdcəsinin ümumi daxilolmalarının 53 faizi neft sektorunun payına düşəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, reallıqda neft sektorundan daxilolmalar daha çoxdur:
“Büdcədə göstərilən rəqəmlər real deyil. Sadəcə neftin 50 dollaradək azaldılması gələn il xammalda olan mümkün təhlükələrdən özünü sığortalamaq məqsədi güdür. Dünən neftin qiyməti 90 dollara endi və daha sonra 92 dollara qalxdı. Ancaq onu da bilmək lazımdır ki, gələn il cari ildəki qiymətlər olmayacaq. Çünki dünya iqtisadiyyatının tempinin aşağı düşmək təhlükəsi var. Həmçinin böyük istehlak bazarlarında enerjinin daha qənaətlə istehlak edilməsi məsələsi var. Ona görə də qiymətlərin enməsi proqnozlaşdırılır”.
Ekspert qeyd edib ki, enerjinin qiymətinin cari ildə qalxmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir:
“Əgər müharibə sülh müqaviləsi imzalanmadan qəfil bitsə və atəşkəs elan olunsa, neftin qiyməti elə həmin an 15-20 dollar düşəcək. Bu baxımdan Azərbaycan hökuməti özünü sığortalayır. Əgər orta qiymət 70 dollar olsa, biləcək ki, büdcə gəlirləri kifayət qədər artır. Fyuçersdə neftin indi 90 dollara satılmasına baxmayaraq, elə bir şəxs yoxdur ki, oktyabrda neftin dəqiq qiymətinin necə olacağını desin. Çünki heç kəs deyə bilmir ki, sabah müharibə riski yoxdur. Bu hər an mümkündür”.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsinin hazırkı vəziyyət üçün kifayət qədər ehtiyatlı yanaşma olduğunu deyib:
“Onu doğru hesab edirəm. Çünki qarşıdakı müddətdə Rusiya-Ukrayna müharibəsinin bitəcəyi təqdirdə, müəyyən sanksiyalarda yumşalmalar olarsa və ya dünya iqtisadiyyatında geriləmələr baş verərsə, kəskin şəkildə neftin qiyməti düşə bilər. Yəni əgər büdcədə neftin qiyməti yuxarı götürülsə və qiymət birdən aşağı düşsə, büdcənin icrasında ciddi problemlər yaşanar. Amma 2023-cü ilin ortalarında neft qiymətləri yüksək olarsa, təbii ki, büdcəyə yenidən baxılaraq dəyişiklik edilə bilər və neftin qiyməti qaldırıla bilər. Azərbaycan iqtisadiyyatı ciddi şəkildə neft sektorundan asılıdır. Qeyri-neft sektorunda belə neft amilinin izi var. Belə ki, qeyri-neft sektorunda canlanma, iqtisadi aktivlik neftdən gələn gəlirlər hesabına mümkün olur”.
Mütəxəssis diqqətə çatdırıb ki, büdcə layihəsində sıravi vətəndaşlar üçün maraqlı iki istiqaməti var. Bunlardan biri sosial ödənişlər, digəri isə əməyin ödənişidir:
“Çünki əməkhaqqı, pensiya kimi məsələlər burada öz əksini tapır. Əməyin ödənişi üzrə olan hissədə göstəricinin 2023-cü ildə 2022-ci il ilə müqayisədə 5,2 faiz artırılması proqnozlaşdırılır. Belə ki, 2022-ci ilin yekununda əməyin ödənişinə ayrılan vəsait 8 milyard manat olacağı halda, 2023-cü ildə 8,5 milyard manat təşkil edəcək.
Sosial ödənişlər üçün isə 2023-cü ildə 4 milyard manatdan bir qədər çox məbləğ ayrılacaq. Ancaq bu ilin sonunadək məhz sosial ödənişlərə 3,8 milyard manat ayrılacaq. Bu da növbəti il üçün 6 faizədək artım deməkdir. Amma mən hər iki istiqamət üzrə artımı yetərli hesab etmirəm. Çünki bu rəqəmlər 2023-cü il üçün proqnozlaşdırılan inflyasiya göstəriciləri ilə uyğunlaşmalıdır. Məsələn, 2022-ci ildə inflyasiya yüksək olduğu üçün əməyin ödənişinə olan vəsait 2021-ci illə müqayisədə 23 faiz artırılıb. Yəni əməyin ödənişinə ayrılan vəsait inflyasiya həcmi ilə uyğunlaşdırılmalı, hətta inflyasiyadan artıq olmalıdır. Hazırkı vəziyyətdə 5,2 faiz artım çox azdır”.
E.Əmirov vurğulayıb ki, büdcə müzakirələri zamanı bu faktorlar nəzərə alınmalı və problem aradan qaldırılmalıdır:
“Əgər rəqəmlər ortada yaranacaq büdcə kəsirinin məbləğini böyütməmək üçün belə saxlanılırsa, növbəti ilin ortasında bu məbləği artırmağa ehtiyac yaranacaq.
Builki büdcənin əvvəlki iki illə müqayisədə ən böyük üstünlüyü odur ki, parametrləri daha tez elan edildi, hesabat verildi. Düşünürəm ki, həm ictimai müzakirə, həm digər dövlət orqanları ilə razılaşdırma aparmaq, rəy və təkliflər vermək üçün yaxşı bir qərardır. Müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün zaman olacaq. Sadəcə istərdim ki, dövlət büdcəsinin müzakirəsi formal xarakter daşımasın. Təkliflər dinlənilsin, məqbul bilinən təkliflər büdcədə öz əksini tapsın. Çünki əksər hallarda görürük ki, büdcə müzakirəyə çıxarılır, amma kiçik detallar istisna olmaqla dəyişiklik edilmir. Bəzi korrektələr aparılır, amma əsas xərc strukturları olduğu kimi saxlanılır. Bu, doğru yanaşma deyil, büdcə hərtərəfli təhlil olunmalıdır”.
Sayad Həsənli