Bakıda bir mənzili bir neçə şəxsə satan MTK-nın rəhbəri həbs olunub.
Bu haqda Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, “Təbriz” Mənzil-Tikinti Kooperativinin həmtəsisçisi, eləcə də faktiki rəhbəri Hacıyev Nofəl Əhməd oğlu tərəfindən həmin MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən bəzilərinin iki şəxsə satılması faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hacıyev Nofəl Əhməd oğlu CM-nin 178.4, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulam ittiham elan edilib, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
Qeyd edək ki, bir neçə gün öncə Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev mediaya açıqlamasında MTK-larda bir mənzilin bir neçə nəfərə satılması hallar tez-tez baş verdiyini bildirib: "“Təbriz” MTK-nın rəhbərinin törətdiyi əməl dələduzluq kimi qiymətləndirilir. Vətəndaş belə halla üzləşdikdə dərhal polisə müraciət etməlidir. Həmin vaxt ödəniş kağızları, alqı-satqı müqaviləsi və digər sənədləri də təqdim etməlidir. Bəzən olur ki, həmin binada satılmamış mənzillər qalır, əgər şəxs işin üstünə tez düşsə, ödədiyi pulun əvəzi kimi onlardan birini ala bilər. Mənzillərin hamısı satıldıqdan sonra MTK-dan ödədiyin pulu geri almaq çətin olur”.
Hüquqşünas qeyd edib ki, işə vaxtında müdaxilə edilmədikdə təqsirkar həbs edilsə belə, zərərçəkənə bunun xeyri olmur:
“Çünki cinayətkar pulu ödəməkdən imtina edir. Çox istərdim ki, mətbuat yeni tikilən binalarda mənzillərin satış qaydaları haqqında geniş məlumat versin. Bu, dələduzluq hallarının sayını azalda bilər. Hökumət kütləvi surətdə dələduzluq olduğunu, bir mənzilin bir neçə nəfərə satıldığını görəndən sonra həmin yeni tikilmiş mənzillərin satışı haqqında qaydalar tərtib edib. Bu qaydalara görə, MTK özü alqı-satqı müqaviləsi bağlayıb tikilməkdə olan və ya tikilmiş evi sata bilməz. Müqavilə mütləq şəkildə notariat qaydada olmalı və pul MTK-nın bank hesabına köçürülməlidir. Bu barədə əhalini geniş məlumatlandırmaq lazımdır”.
Ə.Mustafayev bildirib ki, qaydalara əsasən, mənzilin tikintisinin mərhələsindən asılı olaraq ödənişlər hissə-hissə edilə bilər:
“Ancaq hazırda bir çox MTK pulun böyük hissəsinin ödənilməsini tələb edir, qaydalara riayət etmir. Qanunvericilikdə evin tikintisinin mərhələsindən asılı olaraq ödənişin hissələri müəyyən edib. Bu məsələyə nəzarət etməli olan dövlət qurumlarından MTK-ların qaydalara əməl etməsi tələb oluna bilər. Təzə tikilən evlərdə monitorinqlər aparılmalıdır. Müştəriyə hansı şərtlər daxilində satıldığı yoxlanmalıdır. Belə halların qarşısı əvvəlcədən alınmalıdır”.