"Rus Evi"nin önündəki lövhə sökülür.
MillətinSəsi.info xəbər verir ki, bununla bağlı "Report"un "Telegram" kanalı videogörüntü paylaşıb.
Bundan başqa, Bakıdakı "Rus Evi" sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılması barədə açıqlama yayıb.
Rus Evi"nin "Facebook" hesabında edilən paylaşımda deyilir:
"Bakıdakı "Rus Evi" və "Rossotrudniçestvo"nun simvollarının qanunsuz mənimsənilməsi ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət, əsasən, guya Bakıda "Rus Evi"ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu "sənədlər" həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır".
Onu da bildirək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar olaraq "Rossotrudniçestvo"nun Bakıdakı nümayəndəliyi - "Rus Evi" fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Qeyd edək ki, "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın girişində yerləşdirilmiş məlumat lövhəsində "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə bağlı məsələyə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) baxılıb.
Bildirilib ki, Bakı şəhərində yerləşən "Rus Evi"nin binasının üzərindəki məlumat lövhəsinin üzərində adlar birinci Azərbaycan, daha sonra rus dilində qeyd olunmalıdır.