Dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.
“Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”, - qeyd olunub.
Bundan başqa, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur:
“Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur. Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - məlumatda deyilir.
Qeyd edək ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun idmançı Kamil Zeynallının yaydığı videoda şəhid qardaşının 6000 manat verərək "komando"ya qəbul olunduğunu demişdi. Şəhid qardaşı daha sonra yayılan video müraciətində isə dediklərini təkzib edib. Sosial şəbəkələrdə şəhid qardaşının Müdafiə Nazirliyində çəkildiyi deyilən ikinci videosunda məcbur edildiyi bildirilir. Bu məsələ ötən gündən sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biridir.