Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar "ASAN xidmət" göstərilib.
Bu barədə "Ölkə.az"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat verilib.
Bildirilib ki, səyyar xidmət məqsədilə "ASAN xidmət" və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.
Yeni Klinika tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
"Faciə nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik",- Agentlikdən bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.