Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna sammitindən əvvəl çıxış edib: “Bütün dünya sizdən xoş xəbər gözləyir” - VİDEO

 29-03-2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya-Ukrayna sammitindən əvvəl çıxış edib.

“HaberGlobal”ın məlumatına görə, gələn qonaqları və nümayəndə heyətinin üzvlərini salamlayan dövlət başçısı belə kritik bir zamanda onları qəbul etməkdən və sülhün bərqərar olması üçün göstərilən səylərə töhfə verməkdən məmnunluğunu bildirib.

“Danışıqların ölkələrinizə, regionumuza və bəşəriyyətə faydalı olmasını arzu edirəm. Danışıqlar prosesi sülhə ümidləri artırıb və bütün dünyanı həyəcanlandırıb. Xarici işlər nazirim, milli müdafiə nazirim və baş müşavirim İbrahim bəy mütəmadi əlaqə saxlayıblar. Biz hər iki tərəfin həssaslığını qoruyan ədalətli yanaşma nümayiş etdirmişik.

Əvvəllər çoxlu əzablara şahid olmuş bir ölkə olaraq Qara dənizin şimalında oxşar mənzərənin yaşanmasının qarşısını almağa çalışdıq. Türkiyə olaraq məsuliyyətdən heç bir zaman yayınmadıq, yayınmarıq. İnanırıq ki, ədalətli sülhdə uduzanlar olmayacaq. Bu faciəni dayandırmaq tərəflərin üzərinə düşür. Ən qısa zamanda atəşkəsə nail olmaq hər kəsin xeyrinə olardı. Biz indi elə bir dövrdəyik ki, danışıqlardan konkret nəticələr alınmalıdır. Bu mərhələdən etibarən siz nümayəndə heyətinin üzvləri kimi öz üzərinizə tarixi bir məsuliyyət götürmüsünüz. Bütün dünya sizdən xoş xəbər gözləyir. Siz liderlərinizin göstərişi ilə sülhün əsasını qoyursunuz, biz istənilən töhfəyə hazırıq”, - deyə prezident bildirib.

Bənzər yazılar

0.23096299171448