“Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yenidən qızışmasında əsas səbəb Ermənistanın İkinci Qarabağ mühgaribəsindəki məğlubiyyəti ilə barışmaması və onun nəticələrini dəyişmək istəyidir. Buna görədir ki, Ermənistan 2020-ci il noyabrın 10-da əldə edilmiş razılaşmaya əməl etmir və öz hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır”.
Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov dünən Ermənistanın təxribatlarına Azərbaycan tərəfinin cavabını, İrəvanın bu addımlarının səbəbini şərh edərkən deyib.
Onun sözlərinə görə, səbəblərdən daha biri Zəngəzur dəhlizinə Ermənistanın münasibətidir:
“İrəvan Zəngəzur nəqliyyat dəhlizini razılaşdırmır. Çünki Türkiyə, Rusiya və Azərbaycan istəyirlər ki, bu dəhliz müəyyən ekterritoriallığa sahib olsun, əsasən Rusiya Dəmiryolları, rusiyalı sərhədçilər tərəfindən nəzarət olunsun. İrəvan isə istəyir ki, Zəngəzur dəhlizi sadəcə dəmiryolu və avtomobil yolu kimi fəaliyyət göstərsin və tamamilə Ermənistanın nəzarəti altında olsun. Beləliklə, erməni hökuməti bu dəhlizlə hərəkət edən insanlar və yüklərə qarşı özbaşınalıq və şantaj imkanı əldə etmiş olar. Bu isə Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. Ona görə də problem həll olunmayıb”.
“Üçüncü bir problem – sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz ilə yaxın davam edən işğalı zamanı həmin ərazilər əsasən boş qalmışdı, sonra isə erməni iqtisadi subyektləri orada qismən təsərrüfat qurmağa başladılar, məsələn, heyvanları saxlamaq üçün axurlar, kiçik fabrik, tikinti materialları, qum-çınqıl zavodu tikdilər. İndi Ermənistan Azərbaycanın ərazilərini onun özünə qaytarmalıdır, amma qaytarmaq istəmir. Paşinyan isə əhali qarşısına çıxıb “bunu sahibinə qaytarmaq lazımdır” deməyə qorxur”, - Markov qeyd edib.
Politoloq vurğulayır ki, erməni cəmiyyətində Azərbaycana, azərbaycanlılara, o cümlədən Türkiyəyə, türklərə qarşı nifrət toxumlarının səpilməsi davam edir:
“Bu nifrət isə paramilitar dəstələr, siyasi qruplaşmalar doğurur. Məsələn, “Daşnaksütun” və “Sasna srer”in tərəfdarları kimi milliyyətçi qruplaşmalar özbaşına Azərbaycan Ordusu üzərinə hücuma keçməyə qərar verə bilərlər. Üstəlik, belə milliyyətçi qruplaşmalar Ermənistan ordusunda da çox güclü kök salıb və elə onlar ordunu müxtəlif təxribatlara təhrik edirlər.
Nikol Paşinyanın ATƏT-in Minsk qrupunu reanimasiya edərək məsələnin həllinə cəlb etmək arzusu da güclüdür. Bu qrupun aktiv tərəfi Avropa İttifaqı, faktiki olaraq Fransadır. Fransa isə dünyada ən ermənipərəst ölkədir. Paşinyan da münaqişənin moderasiyası üçün məhz ATƏT-in Minsk qrupunu bu səbəbdən cəlb etmək istəyir”.
Sergey Markov son təxribatlara dair konspiroloji versiyaların olduğunu da qeyd edib:
“Deyirlər ki, son hərbi əməliyyatlarda ABŞ-ın izləri də var. İş burasındadır ki, guya ABŞ Rusiyanı pis vəziyyətdə qoymaq istəyir. Əgər Rusiya Ermənistana hərbi yardım verməsə, o zaman Paşinyan və ABŞ anti-Rusiya kampaniyası başlayaraq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyindən çıxmağına nail olurlar. Rusiya Ermənistana hərbi yardım göstərdiyi təqdirdə isə Moskva ilə Ankara münaqişə durumuna düşürlər və nəticədə Türkiyə Rusiya əleyhinə sanksiyalara qoşulur”.
Sayad Həsənli