Neandertallarla müasir insanların birgə yaşaması ilə bağlı mühüm kəşf

 14-12-2024

Alimlər 50 000 illik dövrü əhatə edən qədim genomları araşdıraraq, neandertallar və müasir insanların erkən nümayəndələri arasında qarşılıqlı əlaqələr barədə yeni məlumatlar əldə ediblər. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, neandertalların, o cümlədən dəri rəngi və immun cavabı kimi xüsusiyyətlərlə bağlı gen axını, bizim növümüzün təkamülündə mühüm rol oynayıb.

Tədqiqat nəticələri

"Nature" və "Science" jurnallarında dərc olunan tədqiqatlar, bu iki qrupun qarşılıqlı təsir mexanizmlərini və Afrikadan kənarda müasir insanların genetik quruluşunun necə formalaşdığını daha yaxşı anlamağa kömək edib.

Alimlər Bolqarıstan və Çexiyada tapılan müasir insanın iki fərqli qrupunun qalıqlarını analiz ediblər. Bolqarıstan qrupunun neandertallarla iki dəfə, Zlati Kun insanının isə yalnız bir dəfə qarışdığı müəyyən olunub. Çexiya qrupunun genomu, təxminən 41 000-49 500 il əvvəl Almaniyanın Ranis bölgəsində yaşamış insanlarla əlaqələndirilib. Bu insanlar, təqribən 80 nəsil əvvəl mövcud olan üç faiz neandertal genlərinə malik olublar.

Tədqiqatın əsas müəllifi Arev Zümer bildirib ki, Ranis və Zlati Kun insanları Avropada neandertallarla eyni dövrdə yaşamalarına baxmayaraq, yalnız Afrikadan kənarda olan bütün insanlarda rast gəlinən ümumi neandertal irsini daşıyıblar.

Ranis bölgəsinin əhəmiyyəti

Ranis bölgəsində aparılan qazıntılar 1930-cu illərdə başlanıb və 2016-2022-ci illərdə yenidən davam etdirilib. Minlərlə sümük fraqmentinin analizi, Avropanın ən qədim müasir insan qruplarından biri ilə əlaqələrin müəyyənləşdirilməsinə imkan verib.

Afrikadan təxminən 50 000 il əvvəl kənara çıxan erkən müasir insan populyasiyalarının genetik quruluşu, müasir insanlardan fərqli olub. Bu, qədim insan qruplarının unikal xüsusiyyətlərə malik olduğunu vurğulayır.

Genetik araşdırmaların nəticələri

300-dən çox, o cümlədən 59 qədim insanın genomunun araşdırılması göstərib ki, neandertallarla müasir insanların qarışması təqribən 47 000 il əvvəl baş verib. Bu, onların 6-7 min il müddətində birgə yaşadığına dair arxeoloji məlumatları təsdiqləyir.

Kaliforniya Universitetinin molekulyar və hüceyrə biologiyası kafedrasının dosenti Pria Murcani qeyd edib ki, vaxt bu tədqiqatlar üçün mühüm rol oynayır, çünki Afrikadan miqrasiyanın dəqiq tarixini başa düşməyə kömək edir. Hazırda Afrikadan kənarda yaşayan insanların əksəriyyəti neandertal genlərinin 1-2 faizini daşıyır.

Araşdırmalar göstərib ki, müasir insanlar Afrikadan təxminən 43 500 il əvvəl miqrasiya ediblər. Neandertal genlərinin müasir insanlarda dəri rəngi, immun cavab və maddələr mübadiləsi kimi xüsusiyyətlərə təsir etdiyi də müəyyən olunub.
 

Bənzər yazılar

0.11151218414307