Diplomatlar haqqında yeni qaydalar müəyyənləşir

 09-12-2024

Azərbaycanda ilk dəfə daimi diplomatik xidmətə qəbul olan şəxslər and içəcək.

Bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan vətəndaşı ilk dəfə daimi diplomatik xidmətə qəbul olunanda vəzifəsinin icrasına başlamazdan əvvəl belə bir məzmunda and içəcək:

“Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.

And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayacaq və bu sənəd onun şəxsi işində saxlanılacaq.

Onu da qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunması nəzərdə tutulan məhdudiyyətlərin siyahısı açıqlanıb.

Bu, yeni hazırlanan "Diplomatik xidmət haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.

Layihədə həmçinin vurğulanıb ki, xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.

Həmçinin diplomatik xidmətə qəbul olunmayacağı nəzərdə tutulan şəxslərin siyahısı müəyyənləşir.

İkili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, din xadimləri, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş, yaxud barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər diplomatik xidmətə qəbul olunmayacaqlar.

Həmçinin tibbi rəyə əsasən əqli və ya fiziki pozuntlarına görə diplomatik xidmət orqanlarında xidmət keçməyə qadir olmayan şəxslər; dövlət orqanlarında (qurumlarında) əvvəllər yol verdiyi kobud pozuntuya və ya qulluqla (xidmətlə) bir araya sığmayan hərəkətlərə görə qulluğuna (xidmətinə) və ya əmək müqaviləsinə xitam verilmiş şəxslər və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı hərbi mükəlləfiyyətli şəxslər də diplomatik xidmətə qəbul olunmayacaq şəxslər siyahısında yer alıb.

Xidmət dövründə diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə aylıq müavinət ödənilə bilər.

Onların bir sıra xərcləri də dövlət tərəfindən ödənilməlidir.

Həmçinin diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə təhsil müavinəti ödənilməlidir.

Diplomatik xidmət orqanının əməkdaşları əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) on iş günü müddətində məlumatlandırmalıdır.

Bundan başqa, həmin şəxslər diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin olunduqda aidiyyatı diplomatik nümayəndəliyə və ya konsulluğa gəlməli, həmçinin diplomatik nümayəndəlikdən və ya konsulluqdan tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda) azad edilmə (geri çağırılma) tarixindən etibarən on iş günü müddətində və ya razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmalıdır.

Habelə diplomatik xidmət orqanının əməkdaşları beynəlxalq təşkilatın orqanında fəaliyyətini bitirdikdə və ya fəaliyyətinin bitmə müddətindən əvvəl geri çağırıldıqda fəaliyyətin bitmə və ya geri çağırılma tarixindən etibarən on iş günü müddətində, yaxud razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmalıdır.

Report.az

Bənzər yazılar

0.10352492332458