Amerika Beyzbol Liqasının (MLB) Qərb qrupunda mübarizə aparan "Oakland Atletiks" komandasının Las Veqasda tikilməsi planlaşdırılan yeni stadionunun dəyərinin 1,75 milyard dollar olacağı proqnozlaşdırılır.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, klub rəsmiləri əvvəllər stadionun 1,5 milyard dollara başa gələcəyini gözlədiklərini bildirmişdilər. Əvvəlki planlara əsasən, "proqram daxilindəki sabit xərclər" 1,45 milyard dollar, maliyyə xərcləri 52 milyon dollar, digər xərclər isə 248 milyon dollar təşkil etməli idi. Lakin artan xərclər səbəbilə əlavə büdcə tələb olunacaq.
Xərclər artaraq 1,75 milyard dollara çatıb
Komandanın əsas səhmdarı Con Fişerin müşaviri Sandi Din bildirib ki, artan xərclər komandanın məsuliyyətindədir və bu məsrəfləri əsasən Fişer ailəsinin əlavə töhfələri ilə qarşılamaq planlaşdırılır.
Nevada rəsmiləri ilə əməkdaşlıq edən Din deyib: "Stadionun artan xərcləri komandanın üzərinə düşür və bu məsrəfləri qarşılamaq üçün əsasən ailə vəsaitləri istifadə olunacaq".
Yenilənmiş xərclər cümə axşamı Las Veqas Stadion Administrasiyasına təqdim olunan sənədlərdə yer alıb. Bu sənədlərdə Fişerin imzaladığı və 2028-ci il mövsümünə hazır olacağı gözlənilən stadionun tikintisinə 1,1 milyard dollaradək sərmayə qoyulacağı bildirilən məktub da var.
Yeni rekord: dünyanın ən bahalı stadionu
Dünyanın ən bahalı stadionu hal-hazırda 1,6 milyard dollarlıq dəyəri ilə Nyu-York "Jets" komandasının MetLife Stadionudur. Lakin "Oakland Atletiks"in Las Veqas stadionu bu rekordu yeniləyəcək.
Açılış 2028-ci ildə planlaşdırılır
2025-ci ilin aprelində tikintisinə başlanması planlaşdırılan stadionun heç bir problem yaranmazsa, 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir.
Reaksiya doğuran məhdudiyyətlər
ABŞ-da peşəkar idman komandalarının şəhər dəyişməsi adi haldır. Bu dəyişikliklər zamanı stadion inşası adətən yerli hökumətlə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Oakland Atletiks" ilə Las Veqas rəhbərliyi arasında bağlanan 30 illik razılaşmaya əsasən, komanda stadion xaricində dörd ev oyunu keçirmək və hər hansı iki ardıcıl mövsümdə yeddi ev oyunundan çoxunu səfərdə oynamaq hüququna malikdir. Bu məhdudiyyət, daha əvvəlki razılaşma layihəsində qeyd olunan bəzi detallara görə narazılıq doğurub.