DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 30-a yaxın yeni “İnklüziv könüllü” fəaliyyətə başlayıb. Onlar burada 14 istiqamət üzrə müvafiq yaradıcılıq və reabilitasiya prosesinə cəlb olunan həssas təbəqəyə aid şəxslərə dəstək göstərəcəklər. Könüllülük hərəkatına sağlamlıq imkanları məhdud şəxslərin də qoşulması uğurlu sosiallaşmanın təminatına şərait yaradıb.
Bununla da inklüzivliyin və sosial bərabərliyin qorunması, cəmiyyətdəki həssas təbəqəyə aid şəxslərlə digər üzvlərin ictimai həyatda bərabərhüquqlu iştirakı təmin olunub. Proqrama cəlb edilən könüllülər 3 aylıq razılaşma əsasında fəaliyyət göstərirlər. Mərkəzdə könüllülük 2 növbə şəklində həyata keçirilir. Hər növbədə 30 nəfər olmaqla, layihə ümumilikdə 60 könüllünü əhatə edir.
Qəbul prosesi üç mərhələdə aparılır:
• I mərhələ - onlayn qeydiyyat mərhələsi
• II mərhələ - müsahibə mərhələsi
• III mərhələ - təlim mərhələsi
İlkin mərhələdə 100-ə yaxın namizəd müsahibəyə dəvət olunub. Müsahibə mərhələsində namizədlərin sosial aktivlikləri və dünyagörüşləri yoxlanılıb. Bu mərhələni uğurla keçən namizədlərə könüllülük fəaliyyətləri ilə bağlı təlimlər təşkil edilib və nəticədə 30-a yaxın könüllü proqrama qəbul olunub.
Həmin şəxslər Mərkəzdəki könüllülük fəaliyyətinə başlayıblar. İnklüziv könüllü proqramı Azərbaycanda ilk dəfə DOST İnklüziv İnkişav və Yaradıcılıq Mərkəzində tətbiq olunur. Könüllülərin seçimi zamanı sosial iş, psixologiya, məktəbəqədər təhsil, sosiologiya ixtisaslarında təhsil alan gənclərə üstünlük verilir. Onlar Mərkəzin multidissiplinar qrupunun təlimlərində iştirak edərək bu sahədəki bilik və təcrübələrini genişləndirirlər.
Təlimlərdə onlara həssas əhali qrupuna aid olan şəxslərlə iş prosesində yarana biləcək mürəkkəb vəziyyətlərdə adekvat yanaşma, davranış qaydaları öyrədilir. Könüllülər şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan, daun sindromu, autizm spektr pozuntusu müşahidə edilən şəxslərə təlim prosesində köməklik göstərməklə yanaşı, Mərkəzin ictimai həyatında da fəaldırlar. Onlar burada gələcək karyeralarında faydalana biləcəkləri geniş təcrübə imkanları qazanır, eyni zamanda göstərdikləri fəaliyyətin nəticəsinə uyğun olaraq sertifikat və diplomlarla təltif edilirlər.
Qeyd edək ki, ölkəmizdə dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2020-ci ilin “Könüllü ili” elan edilməsi və həmin il Azərbaycanda ilk dəfə Könüllülük həftəsinin keçirilməsi bu prosesin daha geniş vüsət almasına imkan yaratdı.
Ölkəmizdə könüllülük fəaliyyəti kifayət qədər geniş və çoxşaxəlidir. Yüz minlərlə könüllü müxtəlif təşkilatlarda çalışaraq cəmiyyətin rifahının yaxşılaşdırılması işinə töhfə verirlər. Ayrı-ayrı dövrlərdə ölkəmizdə keçirilən beynəlxalq yarışlarda könüllülərin təşəbbüskarlığı yüksək dəyərləndirilib. 44 günlük Vətən Müharibəsi ərzində də könüllü gənclər fəallıqları ilə yadda qalıblar. Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına bu il 19 mindən çox müraciət olub.
Ümumilikdə DOST Agentliyi və ilk DOST mərkəzinin açıldığı 2019-cu ilin may ayından bəri “Könüllü DOST” proqramına müraciət sayı 68 minə yaxın olub, proqramda iştirak edənlərin sayı isə 2400-ü ötüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir.
Xatırladaq ki, 2021-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub. Burada həssas təbəqədən olan şəxslər üçün audio-səsyazma və media, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, dizayner-modelyer sənəti, fotoqrafiya, musiqi, dulusçuluq, təsviri incəsənət, rəqs, kulinariya və səhnə ifaçılığı, aktyor sənəti, idman (kapoeyra, badminton) və publisistika istiqamətləri üzrə təlimlər təşkil olunub.