ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün baş tutmamasının bəzi detalları məlum olub.
Diplomatik mənbələrdən APA-ya bildirilib ki, ABŞ Dövlət katibi Antoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.
Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ni yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.
Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Səbəb isə budur ki, ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür.
"Buna görə Azərbaycan ABŞ-nin ümumiyyətlə sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır", - deyə diplomatik mənbə bildirib.
Azərbaycan məhz ABŞ-nin vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.