Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bir sıra su anbarlar, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları və s. olmaqla ümumilikdə 60 obyekt siyahıya əlavə edilib.
Həmin obyektlərin balanssaxlayıcısı kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilib. Onların mühafizəsini Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi təmin edir.
Bundan başqa, Nazirlər Kabineti 7 iyun 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi Agentliyin strukturuna daxil olmayan tabeli qurumların siyahısına əlavə edilib.