Bir qrup hüquq müdafiəçisi və jurnalist dövlət başçısı İlham Əliyevə müraciət edib.
Bu barədə “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov məlumat yayıb.
Müraciətdə deyilir:
"Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib.
Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), E.Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur.
Müdafiə tərəfi iddia edir ki, prokurorluq xəbərlərə və mediaya əsaslanaraq cinayət təqibi başladıb və işdə konkret şikayətçi yoxdur.
E.Sadıqov və Ə.Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Yuxarıda deyilənlər bizdə bir sıra suallar yaradır və hesab edirik ki, Ə.Zeynallı və E.Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbiri həddindən artıqdır və qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir.
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Ə.Zeynallı 311.3.3 maddəsi ilə ittiham olunur. Maddə hakimiyyət nümayəndəsinin məsuliyyətini nəzərdə tutur. Amma Sadıqov kimi o da hakimiyyət nümayəndəsi deyil.
İttihamların irəli sürülməsinə KİV vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə və dövlət orqanlarının qərar qəbul etməsinə təzyiq göstərib.
Ə.Zeynallı və E.Sadıqovun tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çoxlu işlər görmüş şəxslər olduğunu nəzərə almamaq da mümkün deyil.
Ə.Zeynallı və E.Sadıqov onları gözdən salmaq, araşdırma aparmaq kampaniyası başlayandan nə cəmiyyətin, nə də istintaqın suallarından yayınmayıblar. Biz onların həbsini həddindən artıq və əsassız tədbir kimi qiymətləndiririk.
Bununla əlaqədar olaraq, qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik.
Ədalət Naminə Həmrəylik Komitəsinin üzvləri:
1.Novella Cəfərova
2.Səidə Qocamanlı
3.Səadət Bənənyarlı
4.Arzu Abdullayeva
5.Mirvari Qəhrəmanlı
6.Hilal Məmmədov
7.Elçin Həsənzadə
8.Sevinc Sadıqova
9.Mehman Əliyev"
Qeyd edək ki, bir neçə gün öncə Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia edilib və bununla bağlı səs yazısı yayılıb. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmiş, sözügedən səsyazısında haqqında danışılanların Rasim Məmmədovun işi ilə bağlı əhəmiyyətli sənədlər olduğu bildirilmişdi.
Baş Prokurorluq əməkdaşları ötən gün - sentyabrın Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlandığı elan olunub.
Baş Prokurorluq tərəfindən onların barəsində verilmiş təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb. Gecə keçirilən məhkəmə prosesində hakim Fərid Əmirəliyev Ə.Zeynallı və E.Sadıqov barəsində 4 ay həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar verib.