Trampın yeni kabinetində kimlər olacaq?

 08-11-2024

ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gəldikdən sonra yeni prezidentin formalaşdıracağı kabinetdə ola biləcək mümkün adlarla bağlı müzakirələr aktual mövzuya çevrilib.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, 2016-2020-ci illər arasında prezidentliyi dövründə, xüsusilə birinci ildə bir çox insanla işləyən və qısa zamanda bir çox adamı işdən çıxaran Trampın yeni kabinetini necə formalaşdıracağı maraq doğurur.

2025-ci il yanvarın 20-də and içəcək Trampın formalaşdıracağı ən çox gözlənilən kabinet üzvləri xarici işlər naziri, müdafiə naziri, xəzinədarlıq naziri, ədliyyə naziri və milli təhlükəsizlik müşaviridir.

Kabinet üzvlərinin təsdiq edilmə prosesi

ABŞ-ın yeni prezidenti Trampın təyinatını gözləyən 4000-dən çox vəzifədən təxminən 1200-ü Senatın təsdiqinə tabedir.2016-cı ildə prezident olan Tramp Senatda əksəriyyət demokratların əlində olduğu üçün bir çox namizədinin təsdiq proseslərini uzun müddət gözləməli olub.

Trampın yeni kabinetini, xüsusilə də nazirləri formalaşdıracaq şəxslərin Senatda əksəriyyət respublikaçılara məxsus olduğu üçün bu dəfə daha qısa müddətdə təsdiq alması gözlənilir.

Xarici işlər naziri

Amerika mətbuatında yayılan xəbərə görə, yeni kabinetdə eyni vəzifə üçün daha əvvəl Trampın xarici işlər naziri vəzifəsini icra edən Mayk Pompeonun adı hallanır.

Trampa yaxınlığı ilə tanınan Pompeo 2017-2018-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsində də çalışıb.

Uzun illər Florida ştatının senatoru kimi respublikaçılar arasında güclü yer qazanan və Trampla yaxın münasibətdə olan Marko Rubionun adı xarici işlər naziri üçün də hallanır.

Senatda Xarici Əlaqələr Komitəsində də çalışan və Rusiya, İran və Çinlə bağlı sərt fikirləri ilə tanınan Rubio, mümkün təklif  gələrsə qəbul edə biləcəyini bildirmişdi.

Bu şəxslərə əlavə olaraq Arkanzas senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Tom Kotton, Tramp dövründə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışan Robert O'Brayen, Tramp dövründə ABŞ-ın Berlindəki səfiri vəzifəsində çalışmış Rik Qrenell və Tennessi ştatının senatoru Bill Haqerti də qeyd edilir ki, onların adları xarici işlər nazirliyi və ya milli təhlükəsizlik müşaviri üçün çəkilib.

Müdafiə naziri

Amerika mətbuatının yazdığına görə, yeni müdafiə naziri vəzifəsinə namizədlər kimi Mayk Pompeo və Tom Kottonun da adları hallanır.

Bu şəxslərlə yanaşı, Florida Nümayəndələr Palatasının üzvü, əvvəllər Əfqanıstanda xidmət etmiş “yaşıl beret” keçmiş hərbçi Mayk Uolsun adı da müdafiə nazirliyi siyahısındadır.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi, Xarici əlaqələr komitəsi və Kəşfiyyat komitəsində də işləyən Valts, Donald Ramsfeld və Robert Qeyts kimi keçmiş müdafiə nazirlərinə məsləhət verib və Dik Çeyninin vitse-prezidentliyi dövründə Ağ evdə çalışıb.

Xəzinə naziri 

İnvestorlar, keçmiş kabinet üzvləri və iş adamları kabinetin ən mühüm yerlərindən biri olan xəzinədarlıq nazirliyi üçün adı çəkilən şəxslər arasındadır.

Məşhur investor və Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki şəxsdən biri olan Hovard Lutnikin adı Xəzinə Nazirliyi üçün hallanır. Trampa yaxınlığı ilə tanınan Lutnik seçki dövründə Trampa etdiyi külli miqdarda ianə ilə diqqət çəkib.

İlk dövründə Trampın kabinetində 4 il Ticarət nümayəndəsi vəzifəsində çalışan Robert Laytheyzer də xəzinə nazirliyi üçün adı keçənlər arasındadır.

Digər tərəfdən Trampın ilk dövründə Kapital Bazarları Şurasına sədrlik edən Cey Kleyton, Trampın ilk dövründə Milli İqtisadiyyat Şurasında da rol oynayan Larri Kudlou və milyarder investor Con Paulson kimi şəxslərin də bu siyahıda olduğu ifadə edilir. 

Digər cabinet üzvləri

Seçki kampaniyası dövründə Trampın xeyrinə yarışdan geri çəkilən Robert Kennedinin də Trampın yeni kabinetində çalışacağı güclü ehtimal kimi qiymətləndirilir.

Mediada yayılan xəbərlərdə Kennedinin yeni kabinetdə səhiyyə naziri və ya məsləhətçi vəzifəsinə təyin oluna biləcəyi proqnozlaşdırılır.

Yuta ştatından senator Mayk Linin yeni kabinetdə ədliyyə naziri ola biləcəyi qeyd edilərkən, Trampın 2020-ci il seçkilərindən sonra üzləşdiyi məhkəmə proseslərində keçmiş federal prokuror Linin espublikaçı prezidentə pərdə arxasında kömək etdiyi ortaya çıxıb.

İlkin seçki prosesində Trampla yarışan, lakin bir müddət sonra Trampın lehinə yarışdan geri çəkilən Vivek Ramasvaminin adı Daxili Təhlükəsizlik Nazirliyi üçün də keçir.
Bildirilir ki, Şimali Dakota qubernatoru Duq Burqum enerji və ya daxili işlər naziri vəzifələrindən birinə təyin oluna bilər.

Kampaniya zamanı Trampa güclü dəstək verən amerikalı milyarder sahibkar İlon Maskın da kabinetdə müşavir vəzifəsində çalışacağı gözlənilir.

Bənzər yazılar

0.06190299987793