Yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
APA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, Rəmiş Cəfərov yük daşımalarında qanunsuzluqlara yol verərək külli miqdarda vəsaiti qeyri-qanuni şəkildə ələ keçirib. Belə ki, o pomidor və limondan ibarət malın vaxtında və təhlükəsiz daşınmasını yerinə yetirməyərək biri Belarus vətəndaşı olmaqla, beş nəfərə qarşı ümumilikdə 100 min manat ziyan vurub.
Bundan başqa, Rəmiş Cəfərov 2022-ci ilin fevral ayının 17-də etiraz məqsədilə Bakının Heydər Əliyev prospektində süni tıxac yaradaraq nəqliyyatın hərəkətinə mane olub. Bütün bu əməllərə görə Rəmiş Cəfərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) maddələri ilə ittiham verilib.
İttiham olunan şəxs bu maddələrlə təsirli bilinərsə, 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Rəmiş Cəfərovun atası Zəkrəm Cəfərov isə dələduzluq epizodlarından biri üzrə təqsirləndirilir. İttihamda qeyd olunub ki, o, həmin epizod üzrə 66 998 min dələduzluq edib. İttihama münasibət bildirən Rəmiş Cəfərov və Zəkrəm Cəfərov özlərini təqsirli bilməyiblər.
Təqsirləndirilən şəxslər dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki iddiaları da qəbul etməyib. Rəmiş Cəfərov istintaqa verdiyi ifadəsində bəzi hallarda yükün göndərilən ünvana çatmamasının günahkarı olmadığını deyib: “Türkiyədən Moskvaya göndərilmiş pomidoru Rusiya tərəfi qəbul etmədi, daşınan pomidorda xəstəlik olduğunu əsas gətirib malı geri qaytardılar. Hətta Rusiyaya belə pomidor gətirildiyinə görə şirkətimizi cərimə etdilər. Mən geri qaytarılan və zay olan məhsula görə məsuliyyət daşımıram. Astara rayonundan Rusiyaya daşınan limona gəlincə isə, o məsələdə öhdəliyə tam əməl edilib. Sənədlərdə adı göstərilən şəxsdən yük təhvil alınıb və sənəddə adı olan başqa bir şəxsə də təhvil verilib. Bu məsələyə görə indi də məndən pul tələb edənlər kənar şəxslərdir”.
Növbəti proses sentyabrın 30-a təyin olunub.
Xatırladaq bu il fevralın 17-si səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rəmiş Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar. Daha sonra Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun digər cinayət əməlləri ilə bağlı da ittiham olunublar. Zəkrəm Cəfərov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.