Erməni deputat: "Paskeviç İrəvan xanlığını erməni vilayətinə çevirdi"

 31-10-2024

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

“Erməni deputat: Paskeviç İrəvan xanlığını erməni vilayətinə çevirdi” adlı süjetdə Ermənistan parlamentinin deputatları Azat Arşakyan, Lilit Minasyan, Hovik Ağazaryan, Stenford Universitetinin professoru Artur Xaçikyan, politoloq Harutyun Mkrtçyan, professor Levon Şirinyanın daşnakların azərbaycanlılara qarşı cinayətlərini sadalayır, indiki hakimiyyətin fəaliyyətini tənqid edirlər.

Deputatların sözlərinə görə, indiki hakimiyyət Ermənistanı yazıq koloniyaya çevirəcək: “Bu gün erməni xalqının, dövlətinin tarixi Bakıda yazılır. Erməni vilayəti İrəvan xanlığının ərazisində yaradılıb. Rus generalı İvan Paskeviç İrəvan xanlığını erməni vilayətinə çevirib. Hamı bilməlidir ki, rus ordusu İrəvan xanlığını işğal edib. Ermənistan Marsda qurulan dövlət deyil”.

Professor Artur Xaçikyan və Levon Şirinyan düşüncələrini belə izah edirlər: “Ermənistanın indiki hakimiyyəti Azərbaycan və Türkiyə prezidentlərindən diplomatiyanı necə aparmağı öyrənməlidir. Azərbaycana ziyalı adam rəhbərlik edir. ABŞ-nin ATƏT-dəki səfiri Daniel Bayer bəyan edib ki, Ermənistan bir neçə soyuq qışa hazır olmalıdır. Biz bu gün alçaldılmış, məğlub olmuş bir ölkəyik. Bu xırda düşüncəli adamlar Qarabağdan əl çəkiblər, indi də Ermənistanı məhv etmək qərarına gəliblər”.

Politoloq Harutyun Mkrtçyan isə diqqətə çatdırıb ki, Ermənistanı 1 milyon 300 min insan birdəfəlik tərk edib, əsl soyqırımı budur: “Biz 1990-cı illərdə Azərbaycanın ərazi bütövlüyünü pozmuşduq. Kim deyir ki, Türkiyə bizim düşmənimizdir? Siz səhv edirsiniz. Bütün oğrular və cinayətkarlar İrəvan küçələrində sakitcə gəzirlər. Robert Koçaryanın, Serj Sarkisyanın saraylarını görsəniz, Ermənistanda yaşadığınıza peşman olacaqsınız. Bir sözlə, Ermənistan boşalır, çıxılmaz vəziyyətlə qalanlar ölkədən gedir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 30-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "YouTube" kanalında yayımlanıb.

 

Bənzər yazılar

0.062494039535522