“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yük tranziti prosesi ilə bağlı vizaların verilməsi asanlaşdırılmalıdır”.
“Report” xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi Bakıda keçirilən “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bu, xərclərin azaldılmasına səbəb olacaq.
Nazir hesab edir ki, gediş-gəliş asanlaşdırılmalıdır:
“Nəqliyyat dəhlizində rəqəmsal kommunikasiyaların istifadə edilməsi, elektron sənəd məsələləri çox önəmlidir”.
O əlavə edib ki, bu gün əldə edilən razılıq “Şimal-Cənub” Nəqliyyat Dəhlizi üçün dönüş nöqtəsidir və üç ölkənin (Azərbaycan, Rusiya və İran) tranzit imkanlarının artırılması baxımından böyük təşəbbüsləri var:
“Bunların hamısı ticarətin inkişafına, o cümlədən vaxta qənaət və xərc baxımından fayda verəcək. Burada bütün iştirakçılar üçün hesab edilən üstünlüklər var, bu istiqamətdə həyata keçirilən səylər ümidvericidir.
Bu baxımdan, İran bütün istiqamətlərdə əməkdaşlığı həyata keçirməyə çalışır və gələcəkdə əlavə görüşlərin keçirilməsinə hazırıq. Bu dəhlizin inkişafını prioritet olaraq nəzərdə saxlayırıq. Yolların şaxələndirilməsi üç ölkə tərəfindən nəzərdə tutulub. Lazımi işlər aparılandan sonra öz effektini verəcək”.
Xatırladaq ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna).
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.