Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev pensiya davasına başlayıb.
Qaynarinfo.az-ın məlumatına görə, o, pensiya təminatı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlər Təyinat üzrə Mərkəzini məhkəməyə verib.
Birinci məhkəmə instasiyası onun iddiasını təmin etməyib. Mövlam Şıxəliyev apellyasiya şikayəti verib. Onun şikayətinə hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq.
Mövlam Şıxəliyev 2015-ci ildə "MTN işi" çərçivəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Mövlam Şıxəliyevin Ali Məhkəmədə bəraət almaq cəhdi baş tutmayıb.