İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Azərbaycanda noyabrda baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günlərinin elan olunacağı ilə bağlı tez-tez xəbərlər yayılır.
Rəsmi olaraq noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür.
Belə ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günüdür.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq növbəti həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur. Ardıcıl 4 gün - cümə, şənbə, bazar, bazar ertəsi qeyri-iş günü olacaq.
Xatırladaq ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib.
Həmçinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.
Eyni zamanda Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən dövlət orqanlarında da (qurumlarında) iş rejimi dəyişəcək.
Belə ki, dövlət qurumlarına işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla) tapşırılıb.