Üzünün, qolunun dərisi olmayan əsgər: "Mən yeriyə bilirəm, arxada hərəkət edə bilməyənlər var..."

 12-10-2024

"Biz döyüşə Füzuli rayonunun Əhmədbəyli istiqamətindən getmişdik. Gecə saatlarında geyim-sursatla təmin olunduqdan sonra tabor komandirimiz əmr verdi ki, Şıxlı kəndi istiqamətində hərəkət edək. Gecə, yağışlı və dumanlı bir hava olmasına baxmayaraq, biz hərəkət etməli idik. Bir şeyi deyim, həmin an nə baş verməsindən asılı olmayaraq, adamın ürəyindən keçirdi ki, bu torpaqlarda olmaq, ayağının bu torpaqlara dəyməsi böyük qürur hissidir".

Bunu Oxu.Az-a videomüsahibəsində 44 günlük Vətən müharibəsində Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Nail Sadıqov deyib.

"Döyüş yolumuz Füzuli rayonundan başladı, artıq oktyabrın axırlarına doğru Xocavənd istiqamətində hərəkət etdik. Biz Xocavəndin Tuğ kəndində, haradasa bir gün, azad olunmuş ərazinin bir hissəsinə nəzarəti həyata keçirdik. Burada bölmələr elə istiqamətdə qərarlaşmışdı ki, biz özümüz də bilirdik ki, bu mövqedə mütəmadi qalmağımız mümkün deyil.

Yəni həmin mövqelər alınırdı və biz yerdəyişmə edirdik. Gedişatda başa düşürdük ki, bizim təyinatımız hər bir istiqamətdən gəlib çıxırdı Şuşa, Xankəndi istiqamətinə. Hamımız bilirdik ki, düşmən məhz Xankəndi və Şuşanı mərkəz kimi seçib. Ona görə başa düşürdük ki, istiqamətimiz oradır.

Biz Tuğ kəndindən dağ yolu ilə Daşaltı istiqamətində hərəkətə keçdik. Oralar yol olmayan meşəlik ərazilər idi. Daşaltı kəndinə yaxın bir yerdə Sığnaq kəndi var, biz gecə orada yerləşib növbəti əmri gözləyirdik. Hava azca işıqlanan kimi ermənilər atmağa başlayırdılar. Gecə vaxtı onların koordinatvermə sistemləri, ola bilsin ki, işləmirdi, çünki topdan atəş açsalar da, minaatan atışları olmurdu. Ona görə də hava azca işıqlaşan kimi başlayırdılar atmağa.

Orada olanda öyrəndik ki, bizdən sağ tərəfdə, yuxarıdakı yüksəklik uğrunda başqa bölmələrimiz artıq hücuma keçiblər. Bu vaxt əmr gəldi ki, hazırlaşın, Daşaltı istiqamətində getməliyik...

Həmin vaxt mənim yadımdan çıxmayacaq bir şey oldu: o yüksəklik istiqamətində ki bizim bölmələr hərəkət etmişdilər, biz o ərazidən yaralı və şəhidləri çıxartmağa çalışırdıq. Bu vaxt o istiqamətdən gələn hərbçilərimizdən birini gördüm. Bilmirəm, onu qəlpə tutmuşdu, yoxsa nəsə dəymişdi, yuxarı hissəsində paltarı yox idi, üzünün, qolunun dərisi sallanırdı. Ona kömək etmək istədik, o, bir kəlmə dedi ki, mən yeriyə bilirəm, arxada hərəkət edə bilməyənlər var, onlara kömək edin..."

Bənzər yazılar

0.14252996444702