Paşinyan hakimiyyəti bir tərəfdən Kreml ilə sərt qarşıdurma mühitini yumşaltmağa cəhd göstərir, bununla da hər ehtimala qarşı Rusiyanın orbitinə geri dönüş məkanını açıq saxlamağa çalışır...
Digər tərəfdən isə rəsmi İrəvan Kremlin maraqlarına bağlı prosesləri bloklamaqla, ABŞ və Qərbə Ermənistanın Rusiyadan uzaqlaşma kursuna sadiq olduğunu göstərmək məqsədi güdür...
Ermənistan "iki stul siyasəti"nə davam etməkdə israrlı görünür. Son vaxtlara qədər rəsmi İrəvan nisbətən Qərbin "stul"una tərəf daha çox sürüşməyə çalışırdı. Ancaq son bir neçə ayda, xüsusilə də, prezident Vladimir Putinin Bakıya səfərindən sonra Paşinyan hakimiyyəti yenidən Rusiyaya doğru hərəkət etməyə başlayıb. Və bunu əvvəllər Rusiyada keçirilən sammitlərə qatılmaqdan nümayişkaranə şəkildə yayınan Ermənistan baş naziri Nikol Paşinyanın bu dəfə Moskvada MDB liderlərinin toplantısında iştirak etməsi də təsdiqləyir.
Məsələ ondadır ki, rəsmi İrəvan baş nazir Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfərlərdən imtina etməsini əsasən vaxt çatışmazlığı ilə arqumentləşdirməyə çalışırdı. Ancaq həmin dövrdə Ermənistanın baş naziri və xarici işlər naziri Qərb ölkələrində keçirilən ən mənasız tədbirlərə belə, qatılırdılar. Yəni, Paşinyan hakimiyyətinin sadəcə, yalnız Rusiya üçün sərf edəcək zamanı yox idi. Və bunun əsas səbəblərindən biri də məhz Qərbdən aldığı şirnikləndirici vədlərlə bağlıydı.
Ancaq Paşinyan hakimiyyəti son vaxtlar ABŞ və Qərbin davranışlarından tədricən məyusluq keçirtməyə başlayıb. Belə ki, indiyə qədər verilən cəlbedici vədlərin mütləq əksəriyyəti yerinə yetirilməyib. Buna paralel olaraq isə Ermənistanın Rusiya ilə münasibətləri kəskin şəkildə korlanıb. Və bu baxımdan, Ermənistan müəyyən mənada, çıxılması çətin olan "geopolitik labirintə" düşmüş kimi görünür.
Təbii ki, rəsmi İrəvan bu situasiyadan mümkün çıxış yollarını axtarmağa başlayıb. Paşinyan hakimiyyətinin Kremllə qarşıdurma mühitini bir qədər yumşaltmağa cəhd göstərməsi də əslində, bu axtarışların əlamətləridir. Baş nazir Nikol Paşinyan Moskvaya səfər etməklə, həm Kremlin Ermənistana münasibətini yumşaltmağa, həm də ABŞ və Qərbə verilən vədlərin yerinə yetirilmədiyi barədə mesaj göndərmək məqsədi güdür. Və prezident Vladimir Putinlə görüşdə erməni baş nazirin Rusiya-Ermənistan təmaslarının son bir neçə ayda pozitiv məzmun daşımasından məmnun olduğunu vurğulaması da bu baxımdan, rəsmi İrəvanın Qərblə bağlı tərəddüdlərini biruzə verir.
Maraqlıdır ki, prezident Vladimir Putin də Rusiya və Ermənistan münasibətlərində pozitiv istiqamətləri qabartmağa üstünlük verməsi ilk növbədə Qərbə mesaj xarakteri daşıyır. Belə ki, Kreml Ermənistanın etibarlı tərəfdaş olmadığını müxtəlif bəhanələrlə gündəmə gətirməkdə maraqlıdır. Çünki bütün bunlar növbəti mərhələdə ABŞ və Qərbin Ermənistanla bağlı planlarına yenidən baxmaq ehtiyacı da yarada bilər. Və bu baxımdan, Rusiya Ermənistanı Qərbin qarşısında ifşa etməyə üstünlük verir.
Məsələ ondadır ki, Kreml sahibi Rusiya və Ermənistan arasında iqtisadi-ticari münasibətlərin sürətlə inkişaf etdiyini xüsusi olaraq, vurğulayıb. O, bildirib ki, bu ilin sonuna qədər Rusiya və Ermənistan arasında hətta ticarət dövriyyəsi rekord nəticələrə çatacaq. Rusiyaya qarşı Qərbin sanksiyalarının qüvvədə olduğu bir dönəmdə bu, kifayət qədər müəmmalı xarakter daşıyır. Və Qərbdə bir çoxları Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin belə yüksəlişində rəsmi İrəvanın Kremlə sanksiyalardan yayınmağa yardım etməsinin xüsusi rolu olduğunu artıq anlayırlar.
Əslində, Kremlin Ermənistanın Rusiyaya xəyanətinə maksimum səviyyədə tolerant yanaşmasının əsas səbəblərindən biri də məhz bu məqamla birbaşa bağlıdır. Çünki Rusiya Ermənistan üzərindən ikitərəfli təkrar ixrac prosesini təşkil etməyə artıq nail olub. Kremldə bundan məmnundurlar və bu prosesin davamlı olmasında maraqlıdırlar. Üstəlik, Kremldə onu da anlayırlar ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq şansları ümumiyyətlə, yoxdur. Və bunun kifayət qədər ciddi səbəbləri də mövcuddur.
Məsələ ondadır ki, Ermənistanın bütün iqtisadi sektoru Rusiyaya bağlıdır. Eyni zamanda, Ermənistan xarici ticarət sahəsində də Rusiyadan asılı vəziyyətdədir. Əgər, Rusiya bazarı rəsmi İrəvan üçün qapadılarsa, Ermənistan iqtisadiyyatı qısa müddətdə tamamilə çökə bilər. Üstəlik, Ermənistan enerji resurslarına çıxış baxımdan da Rusiyanın tam nəzarəti altındadır. Ermənistanın Rusiyadan belə ağır asılılıq durumundan çıxmaq üçün resursları mövcud deyil. Və Qərb də hələlik rəsmi İrəvana bu istiqamətdə ümidverici maliyyə-iqtisadi dəstək verməyə həvəs göstərmir.
Ona görə də, Kremldə tamamilə əminlik var ki, Ermənistan Rusiyasız öz mövcudluğunu ümumiyyətlə, davam etdirə bilməz. Hələlik indiki situasiya Rusiyanı tamamilə qane edir. Bu baxımdan, Kreml Ermənistanla Rusiyaya xəyanətə görə hesablaşma prosesini daha irəli zamana təxirə salmış kimi görünür. Və bu səbəbdən də, Paşinyan hakimiyyətinin indiki davranışları böyük ehtimalla Rusiyanın hesablaşma prosesində hansı səviyyədə radikal mövqe tutacağını da müəyyən edə bilər.
Ancaq nə qədər qəribə olsa, Paşinyan hakimiyyəti hələlik Qərb və Rusiya arasında mövcud şərtlər çərçivəsində manevr etməkdə israrlı görünür. Belə ki, baş nazir Nikol Paşinyan Moskvaya səfər edərək, günahını yumşaltmağa çalışsa da, Qərbin qəzəbinə tuş gəlməkdən də yayınmağa cəhd göstərir. Hər halda, erməni baş nazir Kremlin bəzi istəklərinə pozitiv reaksiya verməkdən mümkün qədər yayınmağa çalışır.
Onun Kremlin vasitəçiliyi ilə üçtərəfli görüşdən imtina etməsi də buna misal ola bilər. Çünki Rusiya MDB liderlərinin sammitindən istifadə edərək, ABŞ və Qərbi Cənubi Qafqazdakı sülh prosesinə vasitəçilik məsələsində qabaqlamaq niyyətində idi. Ancaq erməni baş nazirin bundan imtina etdiyi artıq qətiyyən şübhə doğurmur. Hər halda, Kremldən verilən açıqlamada "tərəflərdən biri üçtərəfli görüş ideyasını dəstəkləmədi" eyhamının məhz baş nazir Nikol Paşinyanı işarə etdiyini anlamaq qətiyyən çətin deyil.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Rusiyanı hər hansı rəsmi sənəd imzalamadan tərk ediblər. Belə ki, onlar MDB sammitinin müzakirəsində özlərinin də iştirak etdikləri bəyanatlarına imza atmaqdan imtina ediblər. Üstəlik, bu davranışlarını arqumentləşdirməyə də ehtiyac duymaylblar. Və bu səbəbdən də, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova sualların cavabı üçün erməni baş naziri hədəf göstərmək məcburiyyətində qalıb.
Ancaq ilk baxışdan münasibətlərinin yumşaltmağa doğru yönəldiyi müşahidə olunan tərəflər arasında problemlər yalnız bunlarla məhdudlaşmır. Belə ki, bir müddət öncə Paşinyan hakimiyyəti Rusiya sərhədçilərini İrəvan hava limanından çıxartmışdı. İndi bu proses daha da inkişaf etdirilməyə başlayıb. Belə ki, gələn ilin yanvarından etibarən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədlərini də tərk etməli olacaqlar. Növbəti mərhələdə isə rus sərhədçilər Türkiyə-Ermənistan sərhədindən də çıxarılacaq. Və bu baxımdan, rəsmi İrəvanın Rusiya ilə ikibaşlı oyun oynamağa çalışdığı açıq-aşkar nəzərə çarpır.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti bir tərəfdən Rusiya ilə sərt qarşıdurmanı yumşaltmağa cəhd göstərir. Bununla da hər ehtimala qarşı Rusiyanın orbitinə geri dönüş məkanını açıq saxlamağa çalışır. Digər tərəfdən isə Kremlin maraqlarına bağlı prosesləri bloklamaqla, ABŞ və Qərbə Rusiyadan uzaqlaşma kursuna sadiq olduğunu göstərmək məqsədi güdür. Halbuki, belə qarışıq manevrlərlə Ermənistanı düşdüyü "geopolitik labirint"dən çıxartmağın mümkün olacağına inanmaq çox çətindir.(Yeni Müsavat)