“ABAD” “PMD Hospitality” ailə təsərrüfatlarının inkişafına birgə DƏSTƏK GÖSTƏRƏCƏK

 08-09-2022

8 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotellərin idarəetməsi ilə məşğul olan “PMD Hospitality” MMC arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi baş tutub. Saziş ailə təsərrüfatlarının, mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi layihələrinə dəstək göstərilməsi istiqamətində birgə fəaliyyəti əhatə edir.

Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PMD Hospitality” MMC-nin İdarə heyətinin sədri Samir Qurbanov, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və digər qonaqlar iştirak ediblər.

Ülvi Mehdiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş genişmiqyaslı sosial-iqtisadi islahatlardan söz açıb. Diqqətə çatdırılıb ki, bu inkişafın gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi məqsədi ilə təsis edilən “ABAD” iri şirkətlərin və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilib.

Samir Qurbanov “PMD Hospitality”nin idarəçiliyində olan hotellərin geniş qonaqpərvərliyini nümayiş etdirməyə və “ABAD”çılara dəstək olub fərqli məhsullarını hotellərdə təqdim etməyə şirkətin hazır olduğunu vurğulayıb.

Tərəflər Sazişin iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliklərini ifadə ediblər.

Sazişə əsasən “PMD Hospitality”ə məxsus obyektlərin tədarük ehtiyaclarının “ABAD”çıların istehsalı olan məhsullarla ödənilməsinə üstünlük veriləcək. Yerli, ekoloji təmiz, ailə təsərrüfatlarının istehsalı olan məhsullarla təchizatın gücləndirilməsi üçün sözügedən obyektlərin yerləşdiyi ərazilərin yaxınlıqlarında “ABAD”çıların formalaşdırılmasına dəstək göstəriləcək.

“PMD Hospitality”nin portfelinə daxil olan hotellərdə “ABAD”çı sənətkarlar tərəfindən hazırlanmış suvenirlərdən, o cümlədən məişət və dekor məhsullarından istifadə ediləcək. Həmçinin qonaqların “ABAD”çı məhsulları ilə yaxından tanış olmaları və əldə edə bilmələri üçün həmin hotellərdə ABAD etno-butikləri fəaliyyət göstərəcək.

 

Bənzər yazılar

0.21495604515076