Kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi artıq “mygov” platforması vasitəsilə mümkündür.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaydığı məlumata istinadən xəbər veririk ki, vətəndaşlar “mygov” tətbiqi vasitəsilə “Azəriqaz”, “Azərişıq” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) üzrə kommunal abunəçi kodlarını asanlıqla köhnə addan yeni ada keçirə bilərlər.
Əvvəllər vaxt və əlavə resurs tələb edən bu proses indi tamamilə rəqəmsal və sadələşdirilmiş şəkildə həyata keçirilir.
Vətəndaşlar “mygov” tətbiqinə daxil olduqdan sonra öz adlarına olan daşınmaz əmlakı seçərək, müvafiq kommunal xidmət üçün “Əhali istehlakçısının adının dəyişdirilməsi” bölməsinə daxil olurlar. “Azəriqaz”, “Azərişıq” və ya ADSEA üzrə abunəçi kodunu daxil etdikdən sonra sistem avtomatik olaraq yeni ad məlumatlarını istifadəçinin “mygov” hesabından götürür. Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyə məlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiq olunur.
Proses tamamlandıqdan sonra müraciət elektron qaydada müvafiq qurumlara göndərilir. Ad dəyişdirildikdən sonra istifadəçi “mygov” üzərindən şəxsi kabinetində və qeyd edilən elektron poçt ünvanında bildiriş alır.
Murad Məmmədov