Xətai Rayon Məhkəməsinin keçmiş sədri Tamerlan Zeynalov onunla bağlı yayılan məlumatlara aydınlıq gətirib.
O, Qaynarinfo.az-a açıqlamasında bildirib ki, İradə Aslanova keçmiş həyat yoldaşıdır.
"Biz 1989-ci ildə ayrılmışıq. 2002-ci ildə mən evi tərk etmişəm və bu adamı indiyə qədər görməmişəm. O, 40 ildir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Nəticədə onda şizofhenik psixoz yaranıb. Özündən müxtəlif şeylər uydurur. Şikayəti də əsassız və uydurmadır. Mən onu nə görmüşəm, nə də yaşadığı evə getmişəm", deyə Tamerlan Zeynalov əlavə edib.
O, həmçinin qeyd edib ki, vaxtilə Suraxanı Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb:
"Rəis müavini ola-ola işdən ayrılıb, Qarabağa getmişəm. Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. 2007-ci ildə Xəta Rayon Məhkəməsinin sədri vəzifəsinin icrası mənə həvalə edilib. Mən Qarabağ veteranı, ziyalı bir insanam. Xuliqan deyiləm ki, kiminsə evinə işıq salım, onu narahat edim və s. Bir daha qeyd edirəm ki, bütün bunlar uydurmadır.
Qeyd edək ki, sentyabrın 19-da İradə Aslanova adlı vətəndaş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək, onunla bağlı şikayət edib. Şikayətçi bildirib ki, Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.
Məlumata görə, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasına dəfələrlə müalicə alıb. Bu səbədən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Qeyd edək ki, Tamerlan Zeynalov (Məmmədov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.