Keçmişdən bu günə qədər dünya elminin və bütövlükdə bəşəriyyətin rifahının yüksəldilməsi həmişə türk xalqının hədəflərindən olub. Təkcə siyasi-iqtisadi deyil, elmi cəhətdən də tərəfdaşlıq bütün Türk Dünyasının ortaq arzusudur. Türk dövlətləri arasında tarixi-mədəni bağlara görə inkişaf edən münasibətlərlə yanaşı, elmi əməkdaşlığın da sürətli inkişafı getdikcə daha çox əhəmiyyət kəsb edir.
5-8 sentyabrda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistanın, elmi müəssisə və təşkilatlarından, universitetlərindən tibb üzrə alim və mütəxəssislərin iştirakı ilə Türkiyənin Yeditəpə Universitetində Türk Dövlətlərinin I Tibb Konqresi və II Beynalxalq Tibb Formu keçirilib.
Konqresində ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) üzvü olan alimlər, eləcə də ölkəmizdən olan tibb sahələri üzrə digər ictimai birliklər təmsil edib.
Azərbaycan nümayəndə heyətində təmsil olunan APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə konqresdə bölmə rəhbəri kimi iştirak edib, uşaqlarda brusellyoz, xəstəliyin ağırlaşması, diaqnoz və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Eyni zamanda, APA-nın üzvləri – Nailə Məmmədova, Səyyarə Hüseynova, Fəxriyyə Tağıyeva, Yeganə Qasımova və başqalarının Azərbaycan əhalisinin molekulyar genetik xüsusiyyətləri, yenidoğuulmuşlarda sıx rast gəlinən xəstəliklər və xərçəng xəstəliyi ilə bağlı məruzələri və təqdimatları olub.
Təranə Tağı-zadə bildirib ki, uşaqlarda xəstəlik törədən ən çox yayılmış zoonoz infeksiyası olan brusellyoz əvvəllər endemik xəstəlik hesab edilirdisə, hazırda beynəlxalq turizmin və miqrasiyanın sürətli inkişafı ilə əlaqədar bu xəstəliyin də geniş yayılması dünya səhiyyəsinin prioritetinə çevrilib. Qeyd edilib ki, brusellyoz xəstəliyinin əlamətləri çox müxtəlif olduğundan və bu əlamətlərin heç biri diaqnozu təsdiqləmək üçün kifayət qədər spesifik olmadığından xəstəliyin vaxtında aşkarlanması və düzgün diaqnostikasında çətinliklər yaradır.
Təqdim olunan məruzədə brusellyoz xəstəliyinə tutulmuş uşaqlarda düzgün diaqnozun qoyulmasında gecikmə halları və bu məsələdə yol verilən səhvlərin araşdırılmasından bəhs edilib.
Tədbirdə tibb elminin ümumi sahələrində son yeniliklər və tədqiqatlar müzakirə olunub. Sessiyalar və müzakirələr iştirakçılara həm nəzəri, həm də praktiki cəhətdən öz bilik və təcrübələrini fəal şəkildə bölüşmək imkanı yardıb.
Konqresin digər məqsədi gələcəyə doğru addımlar atmaq və iştirakçı ölkələrin səhiyyə sistemlərində qarşıya çıxan ortaq problemlərin həllinə töhfələr verməkdir. Bu baxımdan bütün iştirakçılar, xüsusən də gənc alimlər arasında tanışlıq və təcrübə mübadiləsi, sağlamlıq problemlərimizlə bağlı birgə elmi araşdırmaların və layihələrin hazırlanması məqsədləri son dərəcə əhəmiyyətlidir.