Müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır. Təbii ki, prosesdə nöqsanlar üzə çıxır.
Bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı qüsurlarla bağlı sualı cavablandırarkən deyib.
"Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır.
Orada bir neçə qüsur ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu qüsurlara yol verilməməsi tapşırılır”,- deyə nazir əlavə edib.
Bundan başqa, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, Kənd yerlərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var.
Onun sözlərinə görə, bu, əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır: "Məsələn, ibtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur".