10 illik həbsdən bəraət almış şirkət rəhbəri Füzuli Adıgözəlov yenidən həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.
“Güllübulaq” MMC-nin rəhbəri olan Adıgözəlovun həbsini prokuror tələb edib. İttiham tərəfi bildirib ki, müttəhim külli miqdarda mənimsəmə, vergidən yayınmaqda təqsirli hesab edilməlidir.
Füzuli Adıgözəlova bəraəti də elə Bakı Apellyasiya Məhkəməsi vermişdi.
Bu dəfə isə Cavid Hüseynin sədrlik etdiyi məhkəmə tərkibi fərqli qərar qəbul edib. F.Adıgözəlov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. O, bəraət aldıqdan 23 ay sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Beləliklə, F.Adıgözəlovun çəkilməmiş 2 il 4 ay 27 gün cəzası qalıb.
Qeyd edək ki, “Güllübulağ”ın rəhbəri ilk dəfə 2020-ci ildə həbs edilib. 3 il sonra bəraət alaraq azadlığa buraxılıb. Ali Məhkəmə sahibkar buraxıldıqdan bir müddət sonra bəraət qərarını ləğv edib, işi təkrar apellyasiya baxışına qaytarıb.
İttihama görə, Adıgözəlovun şirkəti 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib. “Güllübulağ”a məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib. O, həmçinin 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.