Sentyabrın 4-ü günorta saatlarında 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 02.01.1965-ci il təvəllüdlü Həsənov Nazir Məmmədhəsən oğlu özünü yandırıb.
O, Ucarın Alpout kəndində yaşadığı evin həyətində üzərinə benzin tökərək intihara cəhd edib.
Buna səbəb 10 ilə yaxın müddətdə aldığı 2-ci qrup əlillik pensiyası və prezident təqaüdündən məhrum olunmasıdır.
Qazi 5 saylı Şəhər Kliniki Tibbi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, Nazir Həsənovun bədəninin 90 faizi yanıb.
Nazir Həsənovun oğlu Mübariz Həsənov Toplum TV-yə deyib ki, o, ədalətin bərpa olunması üçün hər addımı atacaq: “Atam 10 ildir ki, hər ay 500 manat əlillik və 350 manat prezident təqaüdü alırdı. 1 il əvvəl Əlillərin Bərpa və Reabilitasiyası Mərkəzində komissiya təşkil olundu. Atama deyildi ki, aldığı xəsarətlər onda anadangəlmədir, buna görə də hərbi əlillik pensiyasını kəsdilər. Əvəzində 3-cü qrup mülki pensiya verdilər. Cəmi 120 manat pensiya və 80 manat veteranlıq pulu alır. Mənim atam Qarabağda vuruşanda nazirlər kef içində yaşayırdı. Belə ədalətsizlik olar?”
Mübariz Həsənov deyir ki, hadisə zamanı evdə ailə üzvləri olub.
Atası bu hadisəni ailə üzvlərindən xəbərsiz edib: “Evdəkilər onun hərəkətlərindən şübhələnib. Köynəyini çıxarıb həyətə düşüb, get-gəl etməyə başlayıb. Bir də görüblər ki, atam yanır, birtəhər söndürüb qurumlara zəng ediblər. Atam bu hadisəyə qədər müraciət etmədiyi qurum qalmayıb. Hər yerə yazıb, gedib, indi işi Şəki Apellyasiya Məhkəməsindədir. Başında, qulağında qəlpələr doludur. Komissiya görmürdü ki, bu qəlpələr anadangəlmə deyil?”
“Mən özüm də hərbidə işləyirəm. 682 manat mənim aylıq maaşım, 800 manat isə kreditimdir. Necə ödəyək? Evə bazarlıq etməyə atam qoymurdu ki, xirtdəyə qədər borcun içindəyik. Bizim durumumuza gəlib baxsınlar. Sahil Babayev nə istəyirdi mənim atamdan? İndi 200 manat atam, milyonlar isə Sahil Babayev kimi nazirlər bu dövlətdən alır. Niyə imkan vermirlər ki, bu ölkə, dövlət üçün canından keçənlər yaşasın? Hamısı cavabını alacaq”, – deyə o bildirib.
Qazinin artıq bu gün səhər saatlarında vəfat etdiyi bildirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qazinin öldüyünü təsdiqləyib.
“Ucar rayon sakini, I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğluna Allahdan rəhmət diləyirik. Bəzi sosial şəbəkə səhifələrində və media orqanında N.Həsənovun əlilliyinin dayandırılması barədə qeyd edilənlər tamamilə əsassızdır. Belə ki, ona hələ 2021-ci ilin may ayından 5 il müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb və o, əlilliyə görə aylıq müavinətlə, həmçinin müharibə veteranı kimi aylıq təqaüdlə təmin edilib. N.Həsənovun əyani müayinəsi zamanı müəyyən edilmiş, əlillik təyinatına əsas verən xəstəliyinin (baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları) hərbi xidmətlə əlaqəsi olmadığına görə, ona qanunvericiliyə əsasən ümumi səbəbdən əlillik təyin olunmuşdu. Ötən dövrdə də bu qərarla bağlı heç bir narazılığı və müraciəti olmayıb”, – deyə o bildirib.