"Abzas Media işi" üzrə həbs edilənlərə əlavə ittihamlar irəli sürüldü

 20-08-2024
Avqustun 19-da "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı 7 maddə ilə yeni ittiham irəli sürülüb.
 
Bu barədə jurnalistlərin vəkilləri bildirib.
 
Qeyd olunub ki, "Abzas Media işi" üzrə həbs olunan hər 4 şəxsə Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb. Bu ittihamların sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
 
Vəkillərin bildirdiyinə görə, Ülvi Həsənli, Sevinc Vaqifqızı və Elnarə Qasımova ittiham aktını imzalamaqdan imtina ediblər.
 
Bundan əvvəl isə "Abzas Media işi" üzrə həbs olunan direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.
 
Qeyd edək ki, "Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, saytın baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.
 
Onların hamısına ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bənzər yazılar

0.14220023155212