Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) arasında qalmaqal yaranıb.
Qaynarinfo.az-ın məlumatına görə, qalmaqala səbəb Dövlət Əmək Müfəttişliyi Xidmətinin MKTİB-ni cərimələməsidir.
Xidmət MKTİB-yə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə cərimə yazıb. Bu maddə normal əmək və istirahət rejiminə riayət edilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi 500 manatdan 1000 manatdək cərimə nəzərdə tutulur.
MKTİB Xidmətin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət verib.
Şikayətə Gəncə Şəhər Məhkəməsində baxılacaq. Xəqani Tağıyev iş üzrə hakim təyin edilib.
Gəncə şəhər MKTİB Gəncə Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur. MKTİB-in rəisi Nurəhməd Əhmədovdur. O, bu vəzifəyə 2022-ci ildə təyin edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Niyazi Bayramov 2018-ci ildən Gəncəyə rəhbərlik edir.