Azərbaycanın əsas strateji hədəfi Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarını Türk Dövlətləri Təşkilatının nəzarətində olan coğrafi məkana çevirməkdən ibarətdir...
Əgər, buna nail olunarsa, ABŞ, Avropa Birliyi və Fransa bu coğrafi məkana kobud müdaxilə imkanını itirər və öz imperialist planlarını reallaşdırmaq şansı qazana bilməz...
Cənubi Qafqaz "nifaq alması"na çevrilməyə başlayıb. İndi dünyanın əsas siyasi güc mərkəzləri bu regiona can atırlar. Hazırda ABŞ və Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışır. Ukraynada "savaş bataqlığı"na düşmüş Kreml isə Qərbin regional təzyiqlərinə müqavimət göstərməyə cəhd göstərir. Və yaxın vaxtlarda bu qarşıdurmaya Çinin də qatıla biləcəyi qətiyyən istisna deyil.
Təbii ki, bu, Cənubi Qafqazın olduqca ciddi geopolitik, geoiqtisadi və geostrateji əhəmiyyətinin olduğunu göstərir. Çünki Cənubi Qafqazın tranzit region perspektivləri indi dünya nəhəngləri üçün olduqca cəlbedici xarakter daşıyır. Avropa və Asiya qitələrini birləşdirən əsas "nəqliyyat-kommunikasiya pəncərələri"nin məhz Cənubi Qafqazda yerləşməsi bu regionun geostrateji önəmini maksimum səviyyədə artırmağa başlayıb. Və indi bu geoiqtisadi marşrutların vəd etdiyi fantastik gəlirlər dünyada bir çoxlarının iştahını qabardır.
Ancaq Cənubi Qafqazda geopolitik iradə sahibi və regional lider statusu məhz Azərbaycana məxsusdur. Dünya nəhəngləri Azərbaycanın milli maraqlarından yan keçməyə cəhd göstərsələr də rəsmi Bakı buna imkan vermək niyyətində deyil. Hətta ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqaz üzərindən məkrli manevrlər etməyə çalışsalar da, rəsmi Bakı bütün bu geopolitik manipulyasiyalara dərhal priventiv reaksiya vermək bacarığını artıq dəfələrlə sübuta yetirə bilib. Və bu önəmli faktor indi dünya nəhənglərini Azərbaycanın maraqları ilə hesablaşmaq məcburiyyətində buraxır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı üçün həm Qərblə, həm də Şərqlə iqtisadi-ticari tərəfdaşlıq tamamilə sərfəli münasibətlər kateqoriyasına daxildir. Ancaq Azərbaycanın geopolitik, geoiqtisadi və geostrateji maraqlarının tam şəkildə regiondan kənar siyasi iradə mərkəzlərinin hədəfləri ilə üst-üstə düşdüyünü iddia etmək qətiyyən mümkün deyil. Və bu baxımdan, rəsmi Bakının kifayət qədər fərqli prioritetlərinin olduğu da inkaredilməz reallıqdır.
Məsələ ondadır ki, rəsmi Bakı Xəzəryanı və Orta Asiya regionlarında yeni beynəlxalq iqtisadi-siyasi və hərbi güc mərkəzinin formalaşdırılmasında birbaşa maraqlı olduğunu da qətiyyən gizlətmir. Ona görə də, Azərbaycan Türk Dövlətləri Təşkilatının yeni inkişaf mərhələsinə keçirilməsində maraqlıdır. Hətta rəsmi Bakı Türk Dövlətləri Təşkilatının dünyada mövcud olan analoji ittifaqlara alternativ rolunu oynamasına yönəlik ideyaların əsas müəlliflərindən sayılır. Və Azərbaycan bu istiqamətdə öz fəaliyyətini israrla genişləndirməyə çalışır.
Rəsmi Bakı hesab edir ki, dünyada hərbi-siyasi gərginliyin maksimum həddə çatdığı indiki mərhələdə Türk Dövlətləri Təşkilatının qarşısında da önəmli çağırışlar mövcuddur. Xüsusilə də, bu qurumun mövcud situasiyadan ən az itkilərlə çıxarılması üçün ortaq müdafiə və hərbi təhlükəsizlik sisteminin qurulmasının təşəbbüskarı kimi çıxış edir. Və bu, Azərbaycanı öz hərbi müttəfiqi ilə birlikdə Türk Dövlətləri Təşkilatında liderlik mövqeyinə çıxarmış olur.
Bütün bunları nəzərə aldıqda, rəsmi Bakının Cənubi Qafqaza geopolitik nəzarət məsələsinə xüsusi həssaslıqla yanaşması tamamilə başadüşüləndir. Belə ki, Azərbaycan Cənubi Qafqazdan kənar beynəlxalq güclərin bu regionda yalnız iqtisadi-ticari tərəfdaş kimi fəaliyyətinə üstünlük verir. Yəni, Azərbaycan üçün Qərb siyasi dairələrinin bu regionda geopolitik oyunçuya çevrilməsi məqbul variant hesab olunmur. Və regiondan kənar güclərin Cənubi Qafqazda hegemonluq iddiasına düşməsi Azərbaycan üçün qəbuledilməz xarakter daşıyır.
Təbii ki, bütün bunlar onu göstərir ki, Azərbaycanın Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarına münasibətdə uzaqgedən planları mövcuddur. Hər halda, rəsmi Bakı həm Avropa, həm də Asiya üçün strateji əhəmiyyət daşıyan marşrutların məhz Azərbaycan ərazisindən keçdiyini nəzərə alır. Çünki bu önəmli faktor iqtisadi-ticari əlaqələri inkişaf etdirməyə can atan Avropa və Asiya ölkələrini birbaşa Azərbaycandan asılı vəziyyətə salır.
Belə asılılıq durumu Azərbaycanın həm həm Cənubi Qafqaz və ətraf rayonlarda, həm də beynəlxalq məkanda manevr imkanlarını artırmış olur. Xüsusilə də, rəsmi Bakı ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda Ermənistan üzərindən qurduğu məkrli planları məhz belə manevrlərlə pozmaq şansına da sahibdir. Hər halda, Azərbaycan ABŞ və Qərbin "Zəngəzur oyunu"na müqavimət göstərmək üçün bəzi regional faktorları öz əlində cəmləşdirməyi bacarıb. Və Zəngəzur dəhlizinin məhz Qərbin maraqlarına cavab verən şərtlər daxilində açılmasına qarşı duruş gətirə bilir.
Məsələ ondadır ki, ABŞ və Qərb Azərbaycan-Ermənistan sülh sazişini elə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr üzərindən manipulyasiya etməyə cəhd göstərirdi. Xüsusilə də, Qərb siyasi dairələri yekun sülh sazişində Zəngəzur dəhlizinə beynəlxalq qurumların nəzarətinin rəsmiləşdirilməsinə can atırdılar. Və bu, Zəngəzur dəhlizinin yaxın gələcəkdə Qərbin Cənubi Qafqaza əsas kobud müdaxilə mexanizminə çevrilmə təhlükəsi yaratdığından Azərbaycanın maraqlarına qətiyyən cavab vermir.
Ona görə də, rəsmi Bakı Zəngəzur dəhlizi ilə bağlı məsələnin yekun sülh sazişinin mətnindən çıxarılmasına qarşı çıxmadı. Əvəzində isə Ermənistandan yan keçməklə, İran ərazisindən alternativ marşrutun açılması barədə rəsmi Tehranla anlaşma əldə etdi. Buna paralel olaraq, Gürcüstan ərazisindən də keçən önəmli nəqliyyat-kommunikasiya xətlərinin mövcud olması rəsmi Bakının əlini daha da möhkəmləndirir. Və bu baxımdan, Qərb siyasi dairələri nə qədər istəməsələr də, rəsmi Bakının şərtləri ilə tərəfdaşlığa məcbur duruma düşmüş kimi görünürlər.
Azərbaycanın əsas strateji hədəfi isə Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionlarını Türk Dövlətləri Təşkilatının nəzarətində olan coğrafi məkana çevirməkdən ibarətdir. Əgər, buna nail olunarsa, ABŞ, Avropa Birliyi və Fransa bu coğrafi məkana kobud müdaxilə etməklə, öz imperialist planlarını reallaşdırmaq şansı qazana bilməzlər. Və nəticədə Türk Dövlətləri Təşkilatı beynəlxalq məkanda yeni güc mərkəzlərindən birinə çevrilərək, dünyanın idarə olunması prosesinə təsir göstərə bilər.(Yeni Müsavat)