14,9 min iş yeri niyə ləğv edilib?

 09-08-2024
Son bir il ərzində ölkə üzrə 14,9 min iş yeri ləğv edilib. Ölkənin məşğulluq bazarında dövlət müəssisələrində əmək müqavilələrinin azalması tendensiyası müşahidə olunur. Yerli ekspertlər bunu optimallaşdırma və struktur islahatları ilə izah edirlər. Sözügedən mübahisəli prosesi Dövlət Statistika Komitəsinin məlumatları əks etdirir.
 
Bu il iyunun 1-nə əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 749 min nəfər olub ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 23,1 min nəfər çoxdur. Dövlət sektorunda 893,1 min, özəl sektorda isə 856,3 min nəfər çalışıb. Bu məlumatlardan da göründüyü kimi, ötən illə müqayisədə dövlət sektorunda 5,5 min nəfər azalma, özəl sektorda isə 28,6 min nəfər artım olub.
 
Rəsmi statistikaya əsasən, təkcə son bir il ərzində respublika üzrə 14,9 min iş yeri ləğv edilib. Bu müddət ərzində bağlanan iş yerlərinin 52,4 faizi qeyri-dövlət sektorunda olub. Bu il bu tendensiyanın daha da gücləndiyi görünür.
 
Məsələ ilə bağlı Bakupost.az -a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, iş yerinin ləğvi müxtəlif səbəblərdən ola bilər. Ştatların ixtisarı, dövlət sektorunda struktir dəyişiklikləri, yaxud özəl sektorda hər hansı kiçik və orta həcmdə müəssisənin bağlanması və s. Amma bütövlükdə tendensiya artıma meyillidir:
 
“Burada təəssüf doğuran məqam odur ki, dövlət sektorunda çalışanların sayı özəl sektorla müqayisədə daha çoxdur. Bu o deməkdir ki, əslində özəl sektorda qeyri-formal əmək bazarının həcmi yüksək olaraq qalır. Faktiki götürsək, işləyənlərin sayı özəl sektorda daha çoxdur. Amma əmək müqaviləsi ilə işləyənlərin sayı bir qədər azdır. Bu da önu göstərir ki, sözügedən sahədə problemlər qalmaqdadır. Məsələn, qeyri-formal əmək kollektivləri var ki, təmir-tikinti işi ilə məşğuldular. Yaxud da kimsə əmək müqaviləsi bağlamaqdan yayınır və bunun nəticəsində elektron informasiya sistemində özəl sektor üzrə qeydə alınan əmək müqavilələrinin sayı dövlət sektoru ilə müqayisədə geridə qalır”.

Bənzər yazılar

0.11500191688538