ABŞ Zəngəzurda gizli hərbi baza yaradıb: Ağ Ev İranı Ermənistandan hədəfə alıb

 07-08-2024

ABŞ və Qərb Cənubi Qafqaz üzərində olduqca təhlükəli və məkrli hərbi ssenarilər qurmağa başlayıb... Üçtərəfli Brüssel təxribatı zamanı imzalanmış məxfi sənədlərin icrasına start verilib...

Cənubi Qafqaz yeni savaş məkanına çevrilmək üzrədir. Qərb siyasi dairələri bu region üzərində genişmiqyaslı hərbi-siyasi əməliyyat planı qurmuş kimi görünürlər. ABŞ və Avropa Birliyi Ermənistana yönəlik hərbi-texniki yardımları maksimum səviyyədə artırmağa başlayıblar. İndi Qərb siyasi dairələri Cənubi Qafqazda fəal şəkildə bir neçə istiqamətli savaş ssenariləri üzərində işləyirlər. Və bu baxımdan, regionda hərbi xaos təhlükəsinin mövcudluğu artıq inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Cənubi Qafqazdan Yaxın Şərq savaşı istiqamətində də istifadə etmək niyyətinə düşüb. Qərbin davranışlarında müşahidə olunan ən təhlükəli məqam da elə bundan ibarətdir. Yəni, Qərbdə belə qənaətə gəliblər ki, Ermənistan yalnız Rusiya və Azərbaycana deyil, həm də İrana qarşı da "geopolitik hərbi alət" kimi istifadə oluna bilər. Və hazırda Ermənistanı fəal şəkildə buna hazırlayırlar.

Təbii ki, İrəvan hava limanından Rusiya sərhədçilərinin çıxarılması bu məkrli planlara əlavə imkanlar açmağa başlayıb. Belə ki, rəsmi İrəvan məhz Qərbdən gələn təlimatlara uyğun olaraq, bu addımı atdı. İndi Rusiya hərbçiləri İrəvan hava limanı üzərindən Ermənistana hansı hərbi yüklərin daşınmasına nəzarət etmək imkanlarını tamamilə itiriblər. Və Qərb hazırda daha sərbəst hərəkət məkanı qazanmış kimi görünür.

Son bir neçə gün ərzində İrəvan hava limanına ABŞ ordusuna məxsus hərbi-nəqliyyat təyyarələri enib. Caliber.az bu istiqamətdə kifayət qədər ciddi məlumatlar əldə edib. Həmin məlumatlara görə, ABŞ Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistana savaş ləvazimatları daşımağa başlayıb. Halbuki, indiki situasiyada Ağ Evin bu davranışları kifayət qədər müəmmalı və ziddiyyətli xarakter daşıyır. Və bu müəmmalı davranışlar xüsusilə də, Ağ Evin Cənubi Qafqazda sülh çağırışları ilə də kəskin şəkildə ziddiyyət təşkil edir.

Belə anlaşılır ki, aprelin 5-də törədilmiş Brüssel təxribatının müəllifləri - ABŞ və Avropa Birliyi həmin qapalı toplantıda imzalanmış sənədlərin məxfi məzmun daşıyan hissəsinin icrasına artıq başlayıblar. Əldə edilən məlumatlara görə, ABŞ həmin məxfi anlaşmaya uyğun olaraq, Ermənistan ordusu üçün müasir silahlar daşımaqdadır. Ermənistan ordusuna verilən və ABŞ-da istehsal olunan yeni silahların hücum xarakter daşıdığı və eyni zamanda, kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulduğu da bildirilir. Və bütün bunlar Qərbin Ermənistandan bir çox istiqamətlər üzrə istifadə etməyə qərar verdiyini göstərir.

Bəzi məlumatlara görə, ABŞ buna qədər Ermənistan ordusuna indi İrəvana daşınan silahlardan istifadə məqsədilə təlimlər keçirib. Üstəlik, ABŞ-ın təlimlərinin nəticələrini müəyyən etmək üçün Ermənistan ordusu Azərbaycanla sərhəd bölgələrində vaxtaşırı hərbi təxribatlar da törədib. Yəni, ABŞ və Ermənistan yeni hərbi əməkdaşlığın real təsirlərini sınaqdan çıxartmağa çalışıb. Və bu baxımdan, Cənubi Qafqazda baş verə biləcək hərbi toqquşmalara görə Ermənistanla yanaşı, ABŞ-ın da məsuliyyət daşımalı olacağı qətiyyən şübhə doğurmur.

Beləliklə artıq məlumdur ki, ABŞ hərbi-nəqliyyat təyyarələri ilə Ermənistana böyük həcmdə silah-sursat daşımaqdadır. Üstəlik, Ermənistana daşınan yeni silahların yerli hərbi şərtlərə uyğunlaşdırıldığı da vurğulanır. Bu silahların sınaqdan çıxarılması zamanı Avropa Birliyinin mülki müşahidə missiyasının Azərbaycan ordusunun hərbi mövqeləri barədə topladığı kəşfiyyat məlumatlarından da istifadə olunub. Bu baxımdan, ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda necə təhlükəli, həm məkrli hərbi-siyasi planların icrası ilə məşğul olduqları artıq ifşa olunmağa başlayıb.

Əldə olunan məlumata görə, o da məlum olub ki, İrəvana enən ABŞ hərbi-nəqliyyat təyyarələrindən birində İran ərazisindən buraxılan raketlərin trayektoriyasını izləmək üçün nəzərdə tutulan cihazlar da olub. Yəni, ABŞ həm də İranın İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı ehtiyatlı əvvəlcədən nəzərə almaqdadır. Və bütün bu hərbi avadanlıqlar məhz Ermənistanın İranla sərhəd bölgəsində yerləşdirilir.

Digər ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, İranla bağlı hərbi fəaliyyətin icrasında ABŞ Ermənistan ordusunun qabiliyyətlərinə və hazırlıq səviyyəsinə qətiyyən güvənmir. Ona görə də, ABŞ Ermənistan ərazisinə artıq hərbi kontingent də gətirib. İranla sərhəddə yerləşdirilmiş həmin döyüş avadanlıqları da məhz Ermənistana gətirilmiş ABŞ hərbi kontingenti tərəfindən idarə olunacaq. Və Ağ Ev bunun ört-basdır edilməsinin qayğısına da qalıb.

Məsələ ondadır ki, ABŞ Rusiya və İranın diqqətini çəkməmək üçün Ermənistana yerləşdirdiyi hərbi kontingentin tərkibini xüsusi olaraq, seçməyə üstünlük verib. Belə ki, ABŞ hərbi kontingentinin tərkibi əsasən erməni mənşəli amerikalı hərbçilərdən təşkil olunub. Eyni zamanda, ABŞ hərbi kontingentinin tərkibinə vaxtilə postsovet məkanından ABŞ-a mühacirət etmiş slavyan və Qafqaz görünüşlü hərbçilər də əlavə edilib. Üstəlik, ABŞ hərbi kontingenti Ermənistan ordusunun geyimləri ilə təmin olunub və Ermənistanın İranla sərhəddə, Zəngəzur bölgəsində olan hərbi bazasında yerləşdirilib.

Göründüyü kimi, ABŞ və Qərb Cənubi Qafqaz üzərində olduqca təhlükəli və məkrli hərbi ssenarilər qurmağa başlayıb. ABŞ hərbi kontingenti artıq Ermənistana - Zəngəzura yerləşdirilib. Yəni, ABŞ-ın Ermənistanda hərbi bazası qeyri-leqal şəkildə fəaliyyətə də başlayıb. Və belə anlaşılır ki, ABŞ Ermənistan ərazisindən İrana qarşı da istifadə etmək niyyətinə düşüb.(Yeni Müsavat)

Bənzər yazılar

0.064912080764771