Bakı şəhərində ictimai nəqliyyatın hərəkəti ilə bağlı əsas problemlərdən biri taksi sürücülərinin və sərnişinlərinin haqlı narazılığına səbəb olub.
Məsələnin məğzi Bakı şəhərində, xüsusən də mərkəz ərazilərdə aidiyyəti qurumlar tərəfindən taksilərə sərnişin götürmək və ya düşürmək üçün heç bir şəraitin yaradılmamasıdır.
Nnəticədə cərimələnmək istəməyən sürücülər sərnişinləri sifariş nöqtəsində götürməkdən imtina edirlər. Belə olan halda isə sərnişinlə sürücü arasında narazılıq yaranır.
Oxu.Az-a danışan taksi sürücüsü bildirir ki, bu problemin həll edilməməsi nəhayətdə onların cərimələnməsinə səbəb olur:
"Sanki hər şey taksi sürücülərinin cərimə olunmasına hesablanıb. Çünki aidiyyəti qurumlar taksi sürücülərinə cərimədən yayınmaq üçün heç bir çıxış yolu qoymayıblar. Şəhərdə əsas yolların, demək olar ki, hər birinə avtobus və velosiped zolaqları çəkilib. Oraya girmək olmaz, çünki 100 manat cəriməsi var. Hərəkət zolağında saxlamaq olmaz - həm qayda pozuntusudur, həm də təhlükədir.
Qalan yerlərdə də "dayanma-durma qadağandır" nişanları düzülüb. Bəs biz müştərini götürmək və ya düşürmək üçün nə etməliyik? Niyə biz cərimə ödəməyə məhkum olmalı və ya hər gün sərnişinlərlə mübahisə etmək məcburiyyətində qalmalıyıq? Axı taksi ictimai nəqliyyatdır və müştəriyə demək olmaz ki, mən haradasa dayanacaqda dayanmışam, gəlin oraya".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun sorğumuza cavabı çox qısa və lakonik oldu:
"Sözügedən məsələ müzakirə olunur və təkliflərin hazırlanması nəzərdə tutulur".
Maraqlıdır, görəsən, bu müzakirələr niyə əvvəldən aparılmayıb və indiki halda nə qədər davam edəcək? Nəzərdə tutulan təkliflərin işlənib-hazırlanıb, tətbiq olunacağı vaxtadək taksi sürücüləri hələ nə qədər cərimə ödəməli, sərnişinlər nə qədər mübahisə etməli olacaqlar?..